ONER jurnali
ONER-jurnali
 

İsmayıl Vəli Öməroğlu

 

TALEH HƏMİD - 50

MƏŞHUR “ƏKIZLƏR”

Bu günlərdə nəzdində fəaliyyət göstərdiyimiz "Müstəqil qəzet"in baş redaktoru, tanınmış şair, publisist, yazıçı və jurnalist Taleh Həmidin 50 yaşı tamam olur. Bu münasibətlə onu ürəkdən təbrik edir, şəxsi işlərində, taleyində və yaradıcılığında ona bol-bol uğurlar arzulayırıq. İstəkli oxucularımız olan sizlərdən böyük bir iltimasımız da var: Gəlin, hamılıqla Ulu Yaradandan ona şəfa diləyək, çünki əzablı, keşməkeşli ömür yaşamış şairin görəcəyi əsas işlər hələ qarşıdadır.

Onun sənət və yaradıcılığı özünəməxsus çalarlarla zəngindir. Taleh Həmid öz sözü, öz fikri olan bir ziyalıdır. Bu səbəbdən də Azərbaycan poeziya və nəsrində xüsusi çəkisi olan insanların onun haqqında deyəcəyi xoş sözlər kifayət qədərdir. Əminik ki, Söz Dəyərçisi olan Taleh Həmid haqqında deyiləcək sözləri daha çox eşidəcəyik.

Səbuhi Rəhimli və "Qoroskop"çular.

İNANA BİLMİRƏM

Köhnə və sadiq "Ulduz"çulardan olan Liza xanım deyəndə ki, Taleh Həmidin 50 yaşı tamamlanır, inana bilmədim. Sanki mənim "Ulduz" jurnalında işlədiyim zamanlar lap yaxın illərin əhvalatıdır; qarabuğdayı, gülərüz, dayandığı yerdə də enerjili görünən o cavan oğlan azacıq utana-utana, sıxıla-sıxıla yanıma təzəcə gəlmişdi; ilk yazılarını da elə indicə oxumuşdum və hiss etmişdim ki, onda SÖZ-ə xüsusi bir məhəbbət var, həm də bu sevgi ötəri olmayacaq. Çox tezliklə inanacaqdım ki, ilk təəssüratım məni aldatmayıb.

Taleh Həmid mətbuat işçisi kimi özünü tez təsdiq etdi. Tanrı ona SÖZ ADAMI üçün zəruri olan vacib keyfiyyətlər verib - güclü müşahidə qabiliyyəti, zamanın ruhunu tutmaq, insanlarla asan ünsiyyət qurmaq bacarığı və məndən ötrü insanlara münasibətdə əsas meyar olan ŞƏR-dən çox XEYİR-ə inam! Bizi bir-birimizə bağlayan, doğmalaşdıran, onu həm də bizim ailənin istəklisinə çevirən məhz bu məziyyətləridir.

İstedadlı qələm sahibi olmaq hələ işin yarısıdır. Mətbuatın, SÖZ-ün aparıcı şəxslərindən birinə çevrilmək istəyirsənsə gərək həm də mahir təşkilatçı olasan, ətrafına ağıllı, bacarıqlı, ciddi düşünən silahdaşlar yığa biləsən; onların fərdi potensiallarının açılması üçün demokratik bir mühit yaradasan. Yadımdadır, Taleh Həmid "Yeni fikir" qəzetinin redaktoru təyin ediləndə bir para özündənrazılar ağız büzürdülər ki, "yəni onun yeni fikri var ki?". Bu, Talehin ilk müstəqil fəaliyyəti idi. Sözün düzü, mən də narahat idim, lakin daxilimdə güclü bir inam vardı ki, cavan dostum bu çətin sınaqdan da üzüağ çıxacaq... Elə də oldu - Taleh Həmid redaktor kimi də özünü təsdiq etdi, dostlar baxıb sevindi, qəlbidarlar isə qırıla-qırıla qaldılar.

Sonra Talehin SÖZ-ə sevgisi daha da artdı, böyüdü və ədəbiyyatımıza ilhamlı bir şair də gəldi. Taleh bu çətin sahədə də öz dünyasını - həssaslığını, kövrəkliyini, insanlara və doğma torpağa sonsuz məhəbbətini hamıya bəyan etdi.

Artıq bunlar həqiqətdir, keçilmiş mərhələdir. Lakin bu reallığı dərk edə-edə də inana bilmirəm ki, aradan bir belə zaman keçib və Talehin 50 yaşı var. Daha doğrusu, buna inanmaq istəmirəm, çünki Taleh mənim nəzərimdə həmişə gülərüz, gözlərindən nikbinlik, həyat eşqi yağan bir cavan kimi qalıb.

Yarım əsrlik ömrün mübarək, qardaşım! Bizi oxşayan, düşündürən poeziyan mübarək, qardaşım! Gün o gün olsun ki, gözəl ailənlə, gələcəyinizi bağladığınız Cəlalınızla, vəfalı və əzabkeş həyat yoldaşın İradə xanımla bərabər yüzdən sonrakı dövranının da sevincini dadasınız, qardaşım!

Sabir Azəri, yazıçı-jurnalist.

ÖZÜNÜ İFADƏ ETMƏYİ BACARAN ŞAİR

Taleh Həmid mənim dostluq dünyamın ən maraqlı və qiymətli, əvəzolunmaz nümayəndələrindəndir. İlk dəfə onun lirik şerlərini oxuyub yaradıcılığını izləmişəm, sonra isə jurnalistika fakültəsinin tələbəsi kimi Talehi tanımışam. Onu da deyim ki, Taleh jurnalistika fakültəsində yaxşı tanınır və şair kimi sevilirdi. Onu da deyim ki, o zaman fakültə mühitinin gərgin və güclü tənqid-təhlil ab-havasında hər təzə qələm sahibi bəyənilmirdi. Talehi sevdirən nə idi? Lirikasındakı saflıq, təbiət, dünya və insanlar barədə özünəməxsus düşüncələri. Onun lirik düşüncələri, dərin və zərif müşahidə qabiliyyəti və bədii təsvirdə adi detalı mənalandırma bacarığı oxucular tərəfindən maraqla qarşılanırdı. İnsan kimi də Talehin həyatda və poeziyadakı səmimiliyi arasında fərq görünmür. Çünki o özünü ifadə etməyi bacaran şairdir.

Hələ ilk gənclik illərində poeziya sahəsində yüksək mükafatlar alması, respublikanın ən tanınmış və sevilən "Ulduz" jurnalında işləməsi onun səmimiyyətini və sadəliyini dəyişmədi. Bu həssaslıq poeziyada ona şöhrət gətirdi. Həyatda da Taleh narahat adam kimi tanınır. İş-gücünün qaynar vaxtında Taleh ona üz tutub kömək istəyən hər kəs üçün "təcili yardım" vəzifəsini şərəflə yerinə yetirir. Bu xüsusiyyət onu əsil xalq adamına çevirib.

Taleh özündən çox başqaları üçün işləyən adamdır. Başqaları üçün özünü şam etməyi bacarır, təkcə şer yazmaqla, ürəyini boşaltmaqla işini bitmiş saymır.

Talehin publisistikası, ictimai məzmunlu əsərləri də onun şair üslubunun davamı, başqa formada üzə çıxan nümunələridir. Burada da Taleh özünü ifadə etməyi bacarır, əlavə boyalara, yad rənglərə əl atmadan işini görür. Cümlələr də, fikirlər də onun müdrik şair qəlbinin aşkarlayıcı vasitələrinə çevrilir...

Taleh adına layiq olaraq öz taleyini yaşayır. Təkcə özününkünümü, xalqınınkınımı? Onu deyə bilərəm ki, Taleh bütövlükdə bizim Taleyimizdir.

İsmayıl Vəliyev, şair-publisist, ədəbiyyatşünas.

"TALEH ÖZÜNÜ, TALEYİNİ YAZIR..."

"Yaz çiçəklərinə qar yağır" kitabına yazdığı "Bu mənim ömrümdür - sözdə keçən ömür" başlıqlı ön sözdə belə bir sətirlər var: "Həmişə əlimə qələm alanda fikirləşmişəm ki, doğrunu deyəcəyəm. O doğrunu ki, qədir bilən oxucu hamıdan və hər kəsdən yaxşı bilir, yaxşı duyur".

50 yaşının əlini sıxan qələm dostumuz Taleh Həmidin qəlbindən qopan, ağıl və düşüncələrindən süzülən bu sözlər onun ömür və yaradıcılıq kredosudur.

O, həyatın ağrı-acısını dadıb, isti-soyuğunu görən, yaşadığı illərin sevinc və əzablarını ürəklə qarşılayıb, ürəklə yola salan bir söz adamı, tale şairidir. Unudulmaz sənətkarımız Süleyman Rüstəmin təbirincə desək: “Taleh özünü, taleyini yazır”.

İlk kitabı gəlir yadıma - “Qapımı bahar döyür”. Yadımda o qalıb ki, mən o kitabda qönçə çiçəklərə bənzəyən təzə-tər şerlər oxuyub, kövrək, həzin duyğular qövsü-qüzehindən keçmişdim. Bir bahar bağışlamışdı mənə Taleh. O bahar hələ də yaşayır qəlbimdə:

Dünənki tumurcuq, bu günkü çiçək,

Baharı duyuruq, çayın səsindən.

Bir durna qatarı boyunbağıtək,

Asılıb buludun ağ sinəsindən.

Daş da sinəsində çiçək bitirir,

Dağ çayı elə bil çalır cəngini.

Təbiət baharı gəlin gətirir,

İldırım boşaldır öz tüfəngini.

O, təbiətən mülayim, xeyirxah, qəlbi işıqla dolu bir insandır. Bəlkə də elə buna görədir ki, dünyanın gözəllikləri misra-misra axır ürəyinə və qanad çırpıb qalxır ürəyindən:

Bu axşam yamanca yorulub dəniz,

Şıltaq dalğaların yuxusu gəlir.

Uyuyub hər tərəf səssiz-səmirsiz

Təbiət susubdur dəniz dincəlir.

əssüratları, publisistik yazıları, müsahibələri toplanmış "Yaz çiçəklərinə qar yağır" kitabı onun yaradıcılığında öz sanbalı, siqləti ilə seçilir və uğurlu bir addım kimi qiymətləndirilir.

O, şair kimi də sevilib-seçilir, publisist kimi də. Bu da onunla bağlıdır ki, özü də sözü də səmimidir. Nə yazırsa, ürəkdən yazır. Öz ustadları, müəllimləri, qələm dostları Qulu Xəlilli, Famil Mehdi, Tofiq Rüstəmov, Sabir Azəri, İsa İsmayılzadə, Şamil Süleymanlı, Əhməd İsayev, Mehriban Vəzir haqqında yazdıqları buna ən gözəl misaldır.

...İllər nə tez ötdü, yaş nə tez 50-yə çatdı. Düşünürsən: arxada yaşanmış illər, bu illərin nişanələri - neçə-neçə kitablar... Və qarşıda yaşanacaq illər, yazılacaq kitablar...

Ömrün uzun, yolun uğurlu olsun, qələmin yorulmasın, Taleh Həmid!

Nahid Hacızadə, yazıçı.

SÖZLƏ NƏFƏS ALAN İNSAN

Taleh Həmid ədəbi mühitə qaynayıb-qarışan, istiqanlı, xoş rəftarı ilə özünü istədən gənclərdən biri kimi, yaradıcılığa başladığı ilk vaxtlardan diqqətimi çəkmişdi. Televiziyada baş redaktor işlədiyim illərdə (1978-1984) gənc şairlərin böyük bir dəstəsi bizim redaksiyanın hazırladığı verilişlərin daimi iştirakçıları olub: N. Kəsəmənli, V.İbrahim, M.Ələkbərli. Taleh Həmid və onların bir çox yaşıdları tez-tez yeni şerləri ilə gənc tamaşıçıların daima gözlədiyi "İlham", "Gənc şairin ilk kitabı", "Sənin həyatda izin" kimi verlişlərdə çıxışlar edirdilər. Bu verlişlərdə daha çox görünənlərdən biri də Taleh Həmid idi. İctimai mövzulara meylilliyi teleziziya əməkdaşlarının xoşuna gəlir, verlişmizdə onun şerlərinə tez-tez yer verirdilər. Gənc şairləri ekranda çox görən bəzi ziyalı dostlarım mənə zarafatla söz atırdılar: "Nəşriyyatdan getdin, televiziya verlişlərini də gənc şairlər, şer verlişinə döndərdin!"

Bir gün Taleh Həmid "Ulduz"da işləyən yaxın dostu yazıçı Sabir Azəri ilə televiziyaya gəlmişdi. Taleh istəyirdi ayrıca bir verilişin aparıcısı olsun.

O, doğulduğu, böyüdüyü Şəmkirdən təzə gəlmişdi. Yeni salınan "Kür" qəsəbəsindən, Kür bəndinin tikilməsindən maraqlı söhbətlər etdi. Mən ona bu yeni əmək və işıq şəhərinin gənc qurucuları haqqında yazmağı məsləhət gördüm. Taleh gülümsünüb dedi:

- Ezamiyyət götürüb gedəcəyəm. Bir-iki aya bəlkə bir şey edə bildim - Taleh dediyi kimi də etdi. Kür üstünün gözəlliyindən, onu cənnətə dönədərən insanlardan az müddətdə gözəl bir poema yazdı. Həmin poema respublikamızda çox yüksək qiymətləndirildi.

Bu əsərdən sonra Talehi qəzetlər, jurnallar, almanaxlar özləri axtarıb tapırdılar. Radio-televiziya verlişlərində də Talehin səsi tez-tez eşidilirdi. "Ulduz" jurnalının gənclərin ədəbi mühitdə nüfuz qazanmasında xüsusi rolu vardı. Yüksək tirajla çıxan bu jurnalda çap edilən əsərlər 70-80-ci illərdə geniş əks-səda verir, istedadların taleyində mühüm rol oynayırdı. Taleh Həmid də bu jurnalda gənc oxucularının sevdiyi bir yazıçı publisist idi.

"Ulduz" jurnalından sonra Taleh "Yeni fikir" qəzetinin baş yazarı kimi xeyli iş gördü. Təzə axtarışlara tuşlanan qayəsi ilə yazılmış məqalələrində bir çox insanların taleyinin mürəkkəb həllində öz qələmi ilə iştirak etdi və oxucularının hörmətini qazandı. Taleh Həmid "Müstəqil qəzet"in səhifələrində də keçid dövrünün bir çox problemlərini açıqlayan cəsarətli jurnalist yazarı kimi özünü oxucularına sevdirdi.

Onun qardaşları Malik və Eyvaz da gözəl şerlər yazırdı. Malikin kitabına ön söz yazmış Taleh Həmid vaxtsız dünyadan köçmüş qardaşının şerlərini oxuculara təqdim etmişdi. Həmçinin Eyvazın şerləri də göstərir ki, Taleh Həmid ailəsi sözlə-sənətlə, sazla nəfəs alan Dilqəm torpağının yanar ocağının köz götürən insanlarıdı.

50 yaşdan sonra qələm daha çox kamilləşir, yaradıcı insan əsl sözünü ondan sonra deyir - qorxmur, çəkinmir. Talehə arzum budur Allah onun ömür yolunda mərhəmətini əsirgəməsin. Taleh Həmidin qəlbinin səsinə alışmış oxucularını onun yeni əsərlərinin sevincinə qovuşdursun!

İlyas Tapdıq, şair.

Copyright © 2002-2003 WebStar - www.onerjurnali.tk - cahidbdu@yahoo.com
Hosted by uCoz