ONER jurnali
ONER-jurnali
 

İsmayıl Vəli Öməroğlu

 MÜASİR GƏNCLƏR VƏ ÜNSİYYƏT

Ziya Abdullayev, pedaqoji elmlər namizədi

0İnsan sosial bir varlıq kimi müntəzəm olaraq ünsiyyətə girir. Ailədə ailə üzvləri ilə, ailədən kənarda qohumlarla, qonşularla, məktəb, iş yoldaşları ilə, küçədə, metroda, mağazada və başqa yerlərdə tanıdığı və tanımadığı adamlarla.

Ünsiyyət zərurətdən yaranır. Ona tələbat çox zaman məqsəd, fikir, fəaliyyət, üst-üstə düşən mənafe birliyindən irəli gəlir. Ünsiyyət yeniyetmə və gənclərin həyatının ən geniş məqamlarını təşkil edir. Onlar daha çox, daha fəal şəkildə ünsiyyətə can atırlar və bir şəxsiyyət kimi inkişaf etmələrində, formalaşmalarında əlaqə və münasibətlər çox böyük rol oynayır.

Əlbəttə, ünsiyyət olduqca geniş problemdir və o, sosialoji, pedaqoji, psixoloji axarda geniş şəkildə araşdırılmışdır. Lakin son illərdə Azərbaycan Respublikasında baş verən ictimai-sosial hadisələr bu problemə də öz naxışını vurmuş, ünsiyyət mədəniyyətinə tə’sir edən bir çox amillərin mahiyyəti, xarakteri dəyişmişdir. Onları şərti olaraq aşağıdakı kimi təsnif etmək mümkündür:

1. Sovetlər İttifaqının dağılması ilə azərbaycanlı gənclər qapalılıq şəraitindən çıxmış, bu vaxta kimi onlara çox az tanış olan, yad hesab edilən, hətta qorxulu kimi qələmə verilən, nadir hallarda təmasda olduqları xarici ölkələrdəki həyat tərzi ilə, mə’nəvi, əxlaqi, iqtisadi, sosial dəyərlərlə, o cümlədən mədəniyyətlə geniş şəkildə tanış olmaq imkanları əldə etmişlər.

2. Son on ildə gənclərin ideya-siyasi baxışlarında, əxlaqi, mə’nəvi və mədəni dəyərlərin qiymət me’yarlarında əsaslı dəyişikliklər baş vermiş və bu proses indi də davam etməkdədir. Uzun illər ərzində formalaşmış və başlıca tə’sir vasitəsinə çevrilmiş sovet ideoloji sistemi dağılmış, kommunist dünyagörüşü ifalasa uğramışdır. Bununla bağlı gənclərin ünsiyyətinə tə’sir formalarının bir çoxu (bayramlar, yığıncaq və toplantılar, mərasimlər, tədbirlər və s.) sıradan çıxmış, yeni formalar yaranmağa başlamışdır. Yeni tə’sir və ünsiyyət formalarında diqqəti cəlb edən cəhət onların daha çox milli köklərə, dayaqlara söykənməsi meylidir. Ancaq bunun üçün vahid ideoloji konsepsiya olmadığından burada da çatışmazlıqlar nəzərə çarpmaqdadır. Özünü "müasir" göstərmək naminə bayağılıq, inkişafı daha çox qeyri-adi, əcaib hərəkətlərdə, davranış tərzində görmək meylləri açıq-aşkar hiss olunur.

3. İqtisadi və sosial münasibətlərdə köklü dəyişikliklər baş vermişdir. Həm istehsal, həm də istehlak münasibətlərindəki yeniliklər ünsiyyətin forma və xarakterinin də dəyişməsinə güclü tə’sir göstərməkdədir. Sahibkarlığın, xüsusi mülkiyyət şəbəkəsinin genişlənməsi və ölkənin təsərrüfat strukturunda önəmli yer tutması istehsal alətlərinə və istehlak mallarına münasibətin yeniləşməsinə səbəb olmuşdur.

Əmlaka münasibətdə sovet dövrünə məxsus loyallıq, laqeydlik, e’tinasızlığın şəxsi mənafedən irəli gələn işgüzarlıq, çeviklik, tələbkarlıq kimi keyfiyyətlərlə əvəzlənməsinə təkan vermişdir.

4. 1988-ci ildən başlanan Qarabağ müharibəsi, 1990-cı ilin 20 Yanvar faciəsi gənclərin beynəlmiləlçilik haqqında ən’ənəvi təsəvvürlərinə əsaslı zərbə vurdu. Bu hadisə qərbə (o cümlədən şərqə də) meyllənməni gücləndirdi.

5. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan qaçqın və köçgün axını özü ilə kütləvi bəlalar, ağrı və əzablar da gətirmişdir.

Ünsiyyət baxımından formalaşmış, sabitləşmiş cəmiyyət strukturlarında geniş çatlar əmələ gəlmiş, bir çox hallarda sabit olmayan kütləvi ünsiyyət münasibətləri yaranmışdır. Xarakterlər toqquşması, müəyyən kənd, qəsəbə, şəhər üçün səciyyəvi olan münasibətlərin pozulması, yeni mühitə uyğunlaşma bə’zən ünsiyyətin çətinləşməsinə, gərginliklərin yaranmasına, stress hallarının artmasına səbəb olmuşdur.

6. XX əsrin 90-cı illərindən mövcud iqtisadi münasibətlərin, istehsal strukturlarının pozulması, xüsusilə kütləvi işsizlik nəticəsində adamların sabit olmayan geniş miqrasiyaları da baş verməkdədir. Bu isə sosial ünsiyyətin həm formasına, həm də məzmununa ciddi tə’sir göstərir.

7. Cəmiyyətdə sür’ətlə və açıq, qaba şəkildə gedən təbəqələşmə, qütbləşmə gənclər arasında sosial münasibətlərin dəyişməsinə, yeni çalarlar almasına səbəb oldu.

8. Ölkədəki siyasi qütbləşmələr gənclərin ünsiyyətinə güclü tə’sir göstərir. Bir sıra hallarda siyasi təcrübənin və mədəniyyətin çatışmaması, mənafelərin toqquşması açıq, yaxud gizli qarşıdurmalara, münasibətlərin kobud, təhqiramiz şəkildə bildirilməsinə gətirib çıxarır. Bununla belə, siyasi dialoqa girə bilmək, siyasi əlaqələri sivil qaydada qura bilmək meylləri də güclüdür.

Nəzərə almaq lazımdır ki, yeni kontekstlər ən’ənəvi münasibətləri heç də tamam sıradan çıxarmamış, onların üstündən xətt çəkməmişdir. Bir çox sosial qurumlarda, ailələrdə, kollektivlərdə uzun illər ərzində yaranmış, formalaşmış ən’ənəvi ünsiyyət tərzləri mövcuddur və gənclər onlardan bu gün də tə’sirlənir, faydalanırlar. Qohumluq, dostluq, yoldaşlıq, kollektivçilik münasibətləri, bu və ya əlamətdar hadisələrin — bayramların, ad günlərinin, tarixi hadisələrin, ədəbi-bədii gecələrin, görüşlərin, sərgilərin və s. təşkili və keçirilməsi daha çox ən’ənəvi dayaqlara söykənir.

Ünsiyyətin formaları və xüsusiyyətləri, əsasən, məqsəd (motiv) və məkanla, habelə tərəflərin sosial mövqeyi, tərbiyəsi, cinsi, dünyagörüşü, əqidə və baxışları və s. ilə müəyyənləşir.

Gənclərin ünsiyyət motivləri müxtəlif olur. Bunları, təqribən, aşağıdakı kimi qruplaşdırmaq olar:

1) Bu və ya digər informasiyanı almaq, yaxud çatdırmaq üçün;

2) Əməkdaşlıq zamanı;

3) İdrak problemlərinin həlli məqsədi ilə;

4) Qarşılıqlı fəaliyyət zamanı əlaqələri tə’min etmək üçün;

5) Özünün, yaxud qarşı tərəfin mə’nəvi problemlərinin həllinə kömək etmək məqsədi ilə;

6) Bu və ya digər hadisəyə, problemə münasibətdə özünə həmfikir tapmaq üçün.

Gənclər sosial varlıq kimi məhz ünsiyyət zəminində inkişaf edirlər. Bu cəhətdən onlara istiqamət vermək, nümunə olmaq vəzifəsi böyüklərin borcudur. Həmin vəzifəni yerinə yetirmək hər bir yaşlı adamın vətəndaşlıq borcudur.

Copyright © 2002-2003 WebStar - www.onerjurnali.tk - cahidbdu@yahoo.com
Hosted by uCoz