ONER jurnali
ONER-jurnali
 

İsmayıl Vəli Öməroğlu

ŞAM İŞIĞINDA BİR LEYLİ RƏSMİ

İsmayıl Vəliyev, filologiya elmləri doktoru, professor

Telli Pənahqızının şer dünyası haqqında

İlk gənclik illərindən jurnalist kimi tanıdığım Telli Pənahqızı öz aləmi, öz dünyası olan adamdır. O, həmişə yazıb, çıxış edib, saysız-hesabsız televerilişlər aparıb, sənət haqqında, insanlar, onların əsərləri, duyğuları barədə düşüncələrini izhar edərək ürəyini boşaldıb, fikirlərini tamaşaçılarla, oxucularla bölüşdürüb. Bununla belə, Telli xanım həmişə ürəyi dolu gəzib, içində, duyğularında ifadə eləyə bilmədiyi fikirlərlə baş-başa ömür sürüb. Yazılarında, publisistik və nəsr əsərlərində dedikləri, görünür, onun üçün yetərli olmayıb. Və onun heç kəsə deyə bilmədikləri bir gün qəlbində şerə çevrilib. Onu da qeyd edim ki,Telli xanım ədəbi aləmə birdən-birə, özü də kifayət qədər təcrübəli şair kimi daxil olub. "Tanrımla söhbət" kitabında Telli xanım haqlı olaraq yazıb ki, bu şerlər mənim "heç kəsə deyə bilmədiklərimdir". Doğrudur, çünki fikir, adi halda deyilə bilməyəndə şerə çevrilir. Sözün sehri, poeziyanın sirri də elə ondadır. Şer deyilə bilməyən duyğulardır. Deyilə bilməyən duyğulardan əsl şer yaranır.

Şair daşla, ağacla, buludla, çiçəklə, günəşlə yalnız daxili aləmində həmsöhbət olur. Telli xanım da məhz bunu nəzərdə tutur. O, cansız varlıqlarla həmsöhbət olanda şer yaranır:

Ay bulud, sən sıxma kipriklərini

Ağlama, gözünün yaşı quruyar.

Ay bulaq, gözündə sevdiklərimin,

Şəkli var, asta ol, birdən pozular.

Bu məqamda bulud da, bulaq da insanlaşır və şairin tərəf-müqabilinə çevrilir. Ya da Telli xanım bir bənövşə ilə dərd ortaqlığı yaradır:


Mənim zərif bənövşəm,

Ağlasan sezə bilərəm.

Qoyma bu kəməndə düşəm,

Vallah uduza bilərəm.

Kömək üçün dünyanın ən zərif çiçəyinə müraciət zəiflik əlaməti deyil, hətta qarışqadan dərman umanda belə. Telli xanımın qarışqaya müraciəti də bu baxımdan zəiflik yox, zəriflik əlaməti kimi səslənir:

Ay qarışqa, yolum üstə dayanma

Çək qoşunun, üzüsulu çıx da get.

Deyirlər ki, sənin turşun dərmandır

Bircə damcı bu şüşəyə sıx da get.

Telli xanım qış günəşinə aldanıb çiçəkləyən ağacların günəş sevgisində başqa məna tapır:

Bəyaz duvağına bürünüb yenə

Ağaclar elə bil gəlin köçəcək.

Bir titrək şam yanır ümid yerinə

Deyirlər pərvanə burdan keçəcək.

Bütün bu kövrəkliklərlə yanaşı Telli xanımda sərtlik də var. Özü də çox ağır, özünütənqiddən doğan bir sərtlik:

Bir Laçın dərdi var, bir Xaçın dərdi,

Min didərgin dərdi, min qaçqın dərdi.

Açan tapılmasa düyünü, dərdi,

Bizi bağışlama, Vətən, ay Vətən!

Vətən deyib hayqırdıq — Vətən, daşın olmadıq,

Canın oda qalandı… can yoldaşın olmadıq,

Düşmənə atılası, qara daşın olmadıq.

Bizi bağışlama, Vətən, ay Vətən!

Telli xanım şerlərində İnsanlıq, Vətəndaşlıq, Övladlıq, Ziyalılıq borcunu qaytarmaq arzusuyla sözə söykənib, sözə arxalanıb. O yazır: "Söz mənim üçün həmişə canlı bir insana bənzəyib. Mən sözü gördüyüm üçün ona adicə ifadə və cümlə kimi baxmağı bacarmamışam". Haqlıdır Telli xanım. Söz adi deyil, sözün ilahi gücü var. Bütün səmavi kitabların dediyi kimi, söz insandan əvvəldir. İnsan özü sözlə yaranıb. Tanrının sözü ilə. Şer isə həqiqətən yazılmır, yaranır. Şer — əsl şer ona görə də səmavidir, ilahidir. Şerin Tanrıdan gələn vergi kimi qəbul edilməsi də bu günün söhbəti deyil. Bu Allah vergisi də hamıya nəsib olmur. Mən onu da inkar etmirəm ki, yaranan şer də var, yazılan şer də. Telli xanımın şerlərinin çoxü yaranan şerdir. Və o zaman yaranır ki, insan özü ülviləşir, qəlbinin səsini eşidir. İnsan öz qəlbini dinlədikcə özünü dərk edir, özünü dərk etdikcə həqiqətləri anlamağa başlayır, həqiqəti dərk etməklə insan mərifət sahibi olur, kamilləşir və haqqa yaxınlaşır. Telli xanım ona görə şer yazır ki, o, qəlbi ilə təkbətək həmsöhbət ola bilir və duyğuları şerə çevrilir.

Telli xanımın şerləri hərəyə bir cür görünə, bir cür təsir edə bilər. Bu da təbiidir. Çünki hər şer bir ovqatın bəhrəsidir. İnsanın duyğuları həmişə eyni cür olmur, fikirləri hər məqamda bir formaya, bir rəngə düşə bilir. Ən vacibi odur ki, insan bu duyğularda haqqı görə bilsin. Telli xanım bu məqama çatdığı üçün xoşbəxtdir. O özü bunu məndən yaxşı ifadə edib: "Mən Tanrını göylərdə yox, ürəyimin içində görürəm, ona görə də çalışıram ki, ən pünhan, ən müqəddəs düyğularımı ulu Yaradana söyləyim". Yenə də haqlıdır Telli xanım. Şairlik insanın özünə, öz vicdanına, mənəvi aləminə hesabatıdır. Bu hesabatda insan özünü Tanrıya göstərir, özünü ifadə edir, yaşadığının, həyatının mənasını nə dərəcədə dərk etdiyini sübut edir. Mən də Telli xanımın şerlərində başqa aləm, dünya yox, Tellinin özünü görürəm, onun insan kimi etiraflarını görürəm, kövrək həsrətini, insan kimi Tanrıya hesabatını, ilahi söhbətlərini görürəm, onun qəlbinin ən mübhəm duyğularının şahidi oluram.

Deyirlər duyan və duyğulanan insan heç bir zaman tək olmur, tənha qalmır, özü ilə, Tanrısı ilə birlikdə olur. Telli xanım da təkliyi, tənhalığı Tanrı ilə həmsöhbət olmaqda görür, hətta gileyini də, nazını da onunla bölüşdürür:

Allahım sən, inamım sən, dinim sən.

Son nəfəsim, son harayım, ünüm sən,

Yüyürərəm, bircə kəlmə gəl, desən,

Səndən başqa naz satası kimim var.

İnsanın özünü dəyərləndirməsi həm də öz yükünü özü çəkməsi deməkdir. Başqasına yük olmaq, öz dərdini özgəsinə çəkdirmək də ağırdır. Hər kəs öz taleyinin yükünü, barxanasını daşımalı, öz ömrünü yaşamalıdır. Mənən yetkin və saf adamlar öz tənhalığına qapılıb kədərlərini bildirməklə yetərlənmir, başqasının günahları üçün də Tanrıya yalvarırlar:

Nələrə dözmədim sənin xətrinə,

Tapan da mən oldum, itirən də mən.

Ulu Tanrıya da sənin yerinə

Yalvardım… əfv etsin səni yenidən.

Eh, mənim dərdimi çəkməyə dəyməz,

Mən elə əzəldən tənhayam, təkəm.

Sənə həsrət gözüm qəm çiçəkləməz,

Gərək öz yükümü mən özüm çəkəm.

Telli xanım əbədi bir axtarışdadır və bu axtarış onun şerlərinin məna və məzmununu təşkil edir. O, bu mürəkkəb dünyada özünü axtarır, öz qismətindən, öz taleyindən başqa bir istəyi və umacağı da yoxdur:

Nə vaxtdır itmişəm mən öz içimdə,

Döngələr qaranlıq, tinlər dolaşıq.

O qədər kölgə var mən boy-bicimdə

Çətin ki, özümlə mən tapışarıq.

Hərdən buz oluram od içində də,

Buz suda od tutub yanıram bəzən.

Azıb xəyalımın sahillərində

Üstümə atılan toru görmürəm.

Dünyaya inamın, özünü axtarmanın bir faciəsi də — bu maddi dünyada adamın üstünə atılan toru görməməsi kimi faciə də var. Mənəvi dünyanın adamları maddi dünyanın adamlarının içərisinə qarışanda kölgələşir, xəyal dənizində özünü tapa bilmir.

Yaşadığımız dünya insanı öz mənliyindən uzaqlaşdırır, unutdurur, özündən ayrı salır, yadlaşdırır, manqurtlaşdırır və özgələşdirir. Telli xanımın şerləri isə adamı özünə qaytarır, öz dünyasının adamına çevirir, onu mənəvi aləmə qovuşdurur. Bu mənəvi aləmdə insan öz etirafları ilə günahlardan arınır, özünü kölgəlikdən, köləlikdən xilas edir.

Telli xanım poetik etiraflarında da çox cəsarətlidir, kəskindir, özünü gizlətmir, günahını söyləməkdən çəkinmir.

Poeziya məhz səmimi etirafların ifadəsi olanda sevilir, seçilir.

Şer mənəvi aləmin, mənəvi duyğuların ifadəçisi olanda təsirli olur.

Məhəbbət dərk olunanda ilahiləşir.

Şer ilahi məhəbbətin, İlahiyə məhəbbətin nurundan yarananda insanı özünə doğru yüksəldir. İnsan özünü şerdə tapır, şerdə təsdiqlənir.

Telli xanımın şerləri onun şair "mən"inin parlaq ifadəçisidir. Başdan-başa etirafdır, özünəqayıdışdır, danlaqdır, gileydir, bir insan ürəyinin şam işığında görünən kövrək və unudulmaz Leyli məhəbbətidir. Burada zamanın da, dünyanın da, insanın da uğurları və uğursuzluqları aydın görünür.

Mən Telli xanıma böyük yaradıcılıq uğurları arzulayıram.

Copyright © 2002-2003 WebStar - www.onerjurnali.tk - cahidbdu@yahoo.com
Hosted by uCoz