ONER jurnali
ONER-jurnali
 

İsmayıl Vəli Öməroğlu

NƏŞRİYYAT-MÜƏLLİF-REDAKTOR İŞİNİN TƏŞKİLİ HAQQINDA DƏRSLİK

İsmayıl Kazımov, filologiya elmləri namizədi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi.

(İsmayıl Vəli Öməroğlu. Ədəbi-bədii və uşaq kitablarının redaktəsi. Ali məktəb tələbələri üçün dərslik. Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, Bakı-2002. Elmi redaktorları: prof. B.Allahverdiyev; p.e.n. Z.Abdullayev).

Cəmiyyətin inkişaf qanunauyğunluqlarından, insanların mənəvi ehtiyac və tələbatından, ictimai həyatın məzmunundakı sosial problemlərdən doğan bədii ədəbiyyatın kamil, yetkin və mükəmməlliyi təkcə onun müəllifinin bilik və istedadından asılı deyil, həm də onunla birgə zəhmətə qatlaşan, ikinci müəllif statusu qazanan nəşriyyat redaktorunun səriştə və təcrübəsindən də çox asılıdır.

Nəşriyyat redaktoru. Ciddi və mürəkkəb yaradıcılıq prosesinin iştirakçısı. Bu ixtisasın aktuallığı harasındadır və həmin sahədə mütəxəssis hazırlığı respublikamızda nə səviyyədədir? Əvvəllər bu işlər nəşriyyatlarda tanınmış şair və yazıçılara tapşırılırdı, etibar edilirdi. Azərbaycanda bu gərəkli və maraqlı ixtisası keçən fakültələr də yox idi. Milli proqram, dərsliklər, dərs vəsaitilərimiz də yox dərəcəsində idi. Təqdirolunmalı haldır ki, son illər BDU-nun kitabxanaşünaslıq-informasiya fakültəsində "nəşriyyat işi və redaktəetmə" ixtisasının mühüm əhəmiyyəti nəzərə alınmış, mütəxəssis hazırlığına ciddi önəm verilmişdir. Azərbaycan dilində bu sahədə dərslik və dərs vəsaitlərinin olmaması da tələbələr üçün müəyyən çətinlik yaradırdı. Filologiya elmləri doktoru, professor İsmayıl Vəli Öməroğlunun "Ədəbi-bədii və uşaq kitablarının redaktəsi" kitabı, zənnimizcə, həmin boşluğu doldurmaq, tələbatı ödəmək baxımından böyük əhəmiyyət kəsb edir.

Dərslik müəllifin özünün tərtib etdiyi "Ədəbi-bədii və uşaq kitablarının redaktəsi" fənnindən dərs proqramı əsasında yazılmışdır. Həmin proqramın dərsliyin sonunda verilməsini ilk təşəbbüs kimi qiymətləndirmək lazımdır. Proqramda fənnin məqsəd və vəzifələri, tələbələrin bilik və bacarıqları ilə bağlı tələblər, digər yaxın fənnlərlə əlaqə, fənnin məzmunu, ədəbi-bədii əsərlərin redaktəsi, nəşrlərin tipoloji xüsusiyyətləri, müxtəlif ədəbi növlər üzrə redaktə işinin əlamətləri, uşaq ədəbiyyatının redaktəsi və s. məsələlər öz əksini tapmışdır.

"Ədəbi-bədii və uşaq kitablarının redaktəsi" fənni "Ədəbiyyatın ayrı-ayrı növlərinin (elmi-texniki, siyasi-kütləvi və s.) redaktəsi" fənninin bir hissəsidir. Bu fənnin adını sadəcə olaraq "Bədii əsərlərin redaktəsi" də qoymaq olardı. Çünki burada həm böyüklər, həm də uşaqlar üçün yazılan bədii əsərlər nəzərdə tutulur.

Müəllif redaktə işinin ciddiliyi, özünəməxsusluğu (xüsusi bilik, təcrübə və səriştə tələb etdiyini) üzərində dayanaraq göstərir ki, tələbələr-redaktorlar ilk öncə bədii ədəbiyyatın qanunauyğunluqlarından baş çıxarmalıdır. Çünki bu qanunauyğunluqları (ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, müasir ədəbi proses) bilmədən yaxşı redaktor olmaq çətindir.

İ.Vəli kursun vəzifələrini ümumiləşdirir. Fənnin məzmununun xarakterini açır. Bu vəzifələr ədəbi-bədii əsərlərin tipologiyası sahəsindəki bilikləri dərinləşqdirməkdən, ədəbiyyatın tiplərinə və növlərinə verilən tələbləri müəyyənləşdirməkdən və s.-dən ibarətdir.

Dərslik iki böyük hissədən ibarətdir: I hissə "Ədəbi-bədii əsərlərin redaktəsi", II hissə isə "Uşaq kitablarının redaktəsi" adlanır.

I hissənin üç bölümündə — paraqrafında bədii ədəbiyyatıün mahiyyəti açılır, mədəniyyətin mühüm bir sahəsi olduğu göstərilir, ədəbi-bədii əsərlər məzmununa, oxucu təyinatına və marağına (kütləvi oxucu marağı, yüksək oxucu marağı, peşəkar marağı, tədqiqatçı marağı) görə müxtəlif tiplərə bölünür, əsərin müəllif redlaksiyası anlayışı açıqlanır, redaktorun əsər üzərində işi (mətnə yanaşma, onun qiymətləndirilməsinin xüsusiyyətləri, analitik təhlil və onun metodikası), redaktorun müəlliflə əlaqəli yaradıcılıq işi, redaktorun təşkilatçılıq işi kimi mühüm nəşriyyat problemləri elmi cəhətdən təhlil olunur.

I hissənin növbəti paraqrafı ədəbi-bədii əsərin təhlili, dəyərləndirilməsi — qiymətləndirilməsi və onun əhəmiyyətinin müəyyənləşdirilməsi, oxucu üçün nə dərəcədə gərəkli olduğunu üzə çıxarmaq kimi maraqlı məsələlərə həsr olunmuşdur. Redaktor üçün vacib olan elmi biliklər və təcrübi keyfiyyətlər, redaktorun ədəbi-bədii əsərin analizi və dəyərləndirilməsinə yanaşma metodu maraqlı faktlara söykənərək izah olunur. Məsələn, incəsənətin əsasını təşkil edən, əsərin ümumi ideyasının ifadəçisi olan bədii obrazın bütün keyfiyyətini bilmədən redaktor qiymət vermək istədiyi əsərə gerçəkdən yanaşa bilməz. Halbuki bədii obrazın mahiyyətini, təbiətini təşkil edən ümumi xüsusiyyətlər redaktor analizininin kriterilərinin, metodikaların, priyomların spesifikliyini əhəmiyyətli dərəcədə şərtləndirir, başqa sözlə desək, redaktorun mətn üzərində işinin əsas xüsusiyyətlərini şərtləndirir (səh. 19).

Məlumdur ki, əsər üzərində redaktə işi kor-koranə şəkildə aparılmır, bu mühüm işin müəyyən qayda-qanunlarla təsbitlənən mərhələləri mövcuddur. Bu mərhələlərdə bədii mətnin dəyişdirilmə meyarları üzə çıxır. Dərslik müəllifi ilkin mərhələdən (əlyazmanın dəyərləndirilməsi mərhələsi — İ.K.) başlamış sonuncu mərhələyə qədər olan redaktə işinin çətinlik və mürəkkəbliyini, spesifikliyini, əhəmiyyətli cəhətlərini saf-çürük edir, bu da həmin sənəti öyrənən tələbələrə, fikrimizcə, çox şey verir. Redaktor-müəllif münasibətinin subyektiv və obyektivliyindən asılı olmayaraq, redaktə edən mütəxəssis, bir tərəfdən müəllifi dərindən "hiss" etməyi bacarmağa, əlyazmasında bədiilik fenomenini göstərməyə borcludur, digər tərəfdən öz təcrübəsinə əsaslanaraq əsərin gələcək oxucuya göstərəcəyi təsiri qabaqcadan görməlidir. Bu cür qavramanın tamlığı redaktorun biliyindən, bədii zövqündən, ümumi mədəniyyətindən və təcrübəsindən çox asılıdır (səh. 20). Çıxarılan bu cür nəticə çox düzgündür, düşündürücüdür.

İ.Vəli redaktorun tənqidçilik fəaliyyətini, tənqidi təfəkkür prosesini ənənəvi bölgülərə əsaslanaraq 4 mərhələyə ayırır: bədii əsərin qavranılması mərhələsi (1), əsərin oxunuşu ilə bağlı mərhələ (2), redaktorun əsər haqqında müşahidə və mülahizələrinin ümumiləşdirilməsi mərhələsi (3), əsər üzərində redaktorun yekun fikrinin rəsmiləşdirilməsi mərhələsi (4). Dərslikdə bu mərhələlərin hər birinin bütöv izahı verilir, redaktə işinin ardıcıllığı göstərilir.

Redaktor tərəfindən bədii əsərin təhlili müəyyən prinsiplərə əsaslanır. Araşdırıcının nöqteyi-nəzərincə, redaktor təhlilinin ən əsas cəhətlərindən biri əsəri ədəbi prosesə görə təhlil etməkdir. Redaktor əsərə qiymət verərkən ədəbi prosesdəki məsuliyyətini dərk etməlidir. Bununla yanaşı, dərslik müəllifi ədəbi-bədii prosesdə istifadə olunan digər təhlil prinsipləri (tematikaya görə təhlil prinsipi; janr xüsusiyyətlərinə görə təhlil prinrsipi; dil-üslub xüsusiyyətlərinə görə təhlil prinsipi) üzərində də müfəsəl dayanır, onların bir sıra məsələlərin müəyyənləşməsindəki rolu, dəyərləndirmədə hansının üstün mövqe tutduğu qeyd olunur, əsərin bədii, fərdi özünəməxsusluğunun müəyyən olunmasında əhəmiyyəti göstərilir.

Redaktor təhlilinin özünəməxsus tələbləri var. Bu əsas tələbləri müəllif aşağıdakı kimi müəyyənləşdirir: 1. Müasir estetik tələblər; 2. Ədəbiyyatşünaslıq tənqidinin tələbləri; 3. Müasir dilçiliyin tələbləri (səh. 26). Bunlar redaktor dəyərləndirməsinin istiqamətləridir.

Dərslikdə redaktorun qarşısında duran vəzifələr hər bir mövzunun izahı prosesində göstərilir. Məsələn, əsərin məzmun və formasının vəhdətindən danışan müəllif yazır ki, redaktorun ən vacib vəzifəsi ondadır ki, ideya-bədii cəhətdən az qiymətli əsərlər işıq üzü görməsin. Və yaxud, bədii həqiqət ölçülərindən bəhs olunanda redaktor öz vəzifəsini bu və ya digər faktların, təsvirlərin dəqiqliyinin, həqiqətə uyğunluğunun yoxlanması ilə məhdudlaşdırmır. O, müəllifin təsvir etidiyi hadisələri öz estetik təsir gücü ilə inandıran obrazlara diqqət yetirir, hadisənin obrazda ümumiləşdirilən xüsusiyyətlərini dəqiqləşdirməyə çalışır (səh. 28).

Yazıçının fərdi yaradıcılıq üslubuna diqqət yetirmək redaktor işində mühüm yer tutur. Bu baxımdan redaktorun üzərinə düşən əsas vəzifələrdən biri müəllifi anlamaq, onun istedadını, özünəməxsusluğunu müəyyənləşdirmək, əsərə yaradıcı şəkildə yanaşmaqdan ibarətdir. İ.Vəli demək olar ki, redaktor təhlilinin bütün qiymətləndirmə məqamlarını (personajları qiymətləndirmək, obrazın bütövlüyünü qorumaqla qiymətləndirmək, müəllif ideyasını qiymətləndirmək, mövzu və hadisənin xarakterikliyini, tipikliyini dəyərləndirmək, yazıçının fakt seçmə bacarığını, faktların dəqiqliyini qiymətləndirmək, lirik qəhrəmanı dəyərləndirmək), əsərin dəyərləndirilməsinin vacib ölçülərini (bədii dəqiqlik, həyati təsvirlərin, obraz təsvirinin dəqiqliyi, təhkiyədə dəqiqlik, daxili-hissi düşüncələrin təqdimində dəqiqlik) müəyyənləşdirmişdir. İ.Vəlinin fikrinə görə, redaktorun iş metodikası bədii mətnin poetik qavranışını və onun elmi tədqiqini özündə cəmləşdirməkdir. Mətn üzərində redaktor işi iki mərhələdə həyata keçirilir. Bu mərhələlərdə mətnin dəyərləndirilməsi subyektiv — ilkin təəssürat əsasında, obyektiv — mətni əsaslı, elmi təhlillə mümkün olur. Sonuncu dəyərləndirmə çox vacibdir. "Mətnin qavranılmasının əsasında ədəbiyyatşünaslığın xüsusi kateqoriya və anlayışlarda təsbit etdiyi obyektiv qanunauyğunluqlar durur. Bu qanunauyğunluqlar redaktora peşəkar elmi mülahizələrlə əsaslandırılmış fikir söyləməyə əsas verir, yəni mətnin araşdırılması metodikasının səviyyəsini, redaktorun analitik təhlil ustalığını şərtləndirir " (səh. 64). Bu baxımdan tələbələr ədəbiyyatşünaslığı dərindən bilməli, onun nəzəri aspektlərini qavramalı, ədəbiyyatşünaslığın təcrpübəsinə əsaslanmalı, onların tənqid və təhlillərindən istifadə etməli, peşəkarlıq qabiliyyətini artırmalıdırlar. Bundan sonra öz üzərinə düşən vəzifələri — konkret işin strukturunun özünəməxsusluğunu hiss etməli və obrazların, vəziyyətlərin həllinin yazıçının ideyasına, yaradıcılıq üslubuna, əsərin ümumi quruluşuna uyğun gəlib-gəlmədiyini göstərməlidir.

İ.Vəlinin redaktorun bədii əsərin bütün komponentləri (əsərin süjeti və kompozisiyası, bədii detalı və s.) üzrə redaktə işinin, təhlilinin ümumi məzmunu qiymətləndirmənin vacib aspektləri, əsərin növ və janr xüsusiyyətləri və s. haqqındakı fikirləri də düzgün və inandırıcıdır. Ümumiyyətlə, redaktor təhlil, qiymətləndirmə zamanı nə etməlidir, nəyi aşkarlamağı, müəyyənləşdirməyi bacarmalıdır? — sualına bu əsərdə ətraflı və geniş, dolğun cavablar tapmaq mümkündür. Bu cəhətdən dərsliyin dəyəri əvəzsizdir. Dərslikdə epik, bədii-publisistik, dramatik və lirik əsərlərin (təmsil, hekayə, oçerk, roman və s.) redaktəsi, həmin növ əsərlərə verilən tələblərin nədən ibarət olduğu, redaktə zamanı hansı əsərlərə redaktorun üstünlük verməsi (mövzunun aktuallığının müəyyənləşdirilməsi, müəllifə edəcəyi təkliflər, hansı məqamlara xüsusi diqqət yetirməsi, nəzərə alması), təhlilin aspektləri və s. kimi mühüm məsələlər təhlil edilmiş, müəyyən tövsiyələr verilmişdir.

Əsərdə redaktor — müəllif münasibətləri, müəlliflərlə işin təşkili və onun xüsusiyyətləri, redaktorun təşkilatçılıq işinin xüsusiyyətləri, redaksiya işlərinin apardığı yaradıcılıq axtarışının istiqamət və formaları, redaktor təhlili və təşəbbüsü, müəllif fəallarının yaradılması, mətnşünaslıq və redaktorun işində onun yeri, nəşrlərin janr və tipləri kimi məsələlər də yığcam, dolğun və elmi şəkildə işıqlandırılmış, həlli vacib olan cəhətlər üzə çıxarılmışdır.

Dərsliyin "Uşaq kitablarının redaktəsi" hissəsi də məzmun yeniliyi ilə seçilir; belə əsərlərin redaktəsi daha ciddi məsuliyyət tələb edir. İlk öncə, dərslik müəllifi uşaq ədəbiyyatının spesifik xüsusiyyətlərindən, həmçinin özünəməxsus mövzu, ideya, dil-üslub xüsusiyyətlərindən, onun əxlaqi-pedaqoji-tərbiyəvi yön və vəzifələrindən, bədii mətnin uşaqlar tərəfindən qavranılmasının özünəməxsusluğundan, bunların redaktor üçün vacib şərt sayıldığından bəhs etmişdir. Dərslikdə folklor yaradıcılığından başlayaraq ayrı-ayrı dövrlərin qısa icmalı, uşaq ədəbiyyatının əsas xüsusiyyətləri, tərbiyəedici və təhsilvericilik xüsuyyətləri, uşaq kitablarının tip və yarımtipləri (siyasi-tərbiyəvi, əyləncəli, bədii kitablar), uşaq kitablarının təsnifatı, uşaq ədəbiyyatının janr və formaları, uşaq əsərlərinin redaktəsi və qiymətləndirilməsi zamanı vacib sayılan, nəzərə alınan faktorlar, uşaq ədəbiyyatına dair olan nəşrlərin tarixi və müasir vəziyyəti, uşaq dramaturgiyası, redaktəsi və nəşri məsələləri və nəhayət, müasir uşaq ədəbiyyatının bir sıra problemləri qısa şəkildə şərh olunmuşdur.

Dərslik Azərbaycan dilində ilk təşəbbüs (sınaq nəşri) olduğundan bəzi qüsurlardan da xali deyildir. Bəzən ehtiyac olmadan bədii ədəbiyyatın, ədəbiyyatşünaslığın nəzəri məsələlərinə ifrat dərəcədə aludəçilik, nəşriyyat, redaktə işi ilə bağlı çoxcəhətli problemlərin yığcam təhlilinə gətirib çıxarmışdır. Dərsliyin gələcək nəşrlərində bu cəhət, yəqin ki, müəllif tərəfindən nəzərə alınacaqdır.

Beləliklə, təhlilə cəlb etdiyimiz, məziyyətlərindən danışdığımız dərslikdən — "Ədəbi-bədii və uşaq kitablarınıni redaktəsi" kitabından da nəşriyyat işçiləri, redaktorlar, jurnalistlər, dil-ədəbiyyat müəllimləri, tələbələr öz elmi və təcrübi biliklərini artıra biləcək, səriştəli və peşəkar mütəxəssis kimi yetişəcəklər.

Copyright © 2002-2003 WebStar - www.onerjurnali.tk - cahidbdu@yahoo.com
Hosted by uCoz