ONER jurnali
ONER-jurnali
 

İsmayıl Vəli Öməroğlu

AZƏRBAYCAN RESPUBLİKASI VƏ TÜRKSOY

Kamil Muxtarov, tarix elmləri namizədi

Türk xalqları özlərinin qədim, çoxəsrlik tarixi boyu Avrasiya məkanının böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişlər. Tarixin müxtəlif mərhələlərində türk xalqlarının həyatı cürbəcür, bəzən isə hətta onların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə qarşılaşmışdır. Ancaq türk xalqlarının ulu tarixin dərinliklərindən keçib gələn zəngin kökləri,bir-birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdə imtahanlardan, sınaqlardan mətanətlə çıxarmış və bugünki günlərə gətirib çıxarmışdır. Bu xalqlar tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və qiymətli bədii əsərləri, müsiqisi ilə onun parlaq səhifələrini yaratmışlar.

Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail oldular. Əgər əsrin əvvəlində – 1917-ci ildə Rusiyada (burada 30-dək türkdilli xalq əsarət altında yaşayırdı) mütləqiyyət üsul idarəsinə son qoyaraq ölkəni demokratik inkişaf yoluna çıxarmış Fevral inqilabı çoxsaylı türk xalqlarının da milli azadlıq hərəkatının yüksəlişinə güclü təkan vermişdisə (doğrudur, oktyabrda hakimiyyəti ələ keçirmiş bolşeviklər onun bir çox nailiyyətlərini başqa səmtə yönəldərək heçə endirdilər), əsrin sonunda, artıq 1991-ci ildə SSRİ-nin parçalanması və süqutu ilə 5 yeni müstəqil türk dövləti (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan) yarandı və dünya birliyində öz layiqli yerlərini tutdu; bir sıra türk xalqları (tatarlar, başqırdlar, çuvaşlar və b.) Rusiya Federasiyası tərkibində qalmaqla milli-ərazi muxtariyyəti hüquqlarını xeyli genişləndirdilər. Bu isə, öz növbəsində türk dövlət qurumları arasında daha sıx ədəbi-mədəni, elmi, iqtisadi əlaqələrin yaradılması zərurətini irəli sürdü. Yaranmış yeni əlverişli şərait eyni kökdən olan müştərək türk mədəniyyəti və incəsənətinin vahid təşkilatının yaranmasına səbəb oldu. Həmin təşkilat bu gün də uğurla fəaliyyət göstərən beynəlxalq TÜRKSOY təşkilatıdır.

Türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə Beynəlxalq Təşkilat (TÜRKSOY) Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə 1992-ci ildə İstanbul və Bakı şəhərlərində keçirilmiş Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan respublikaları mədəniyyət nazirlərinin görüşləri gedişində əldə edilmiş razılaşmalar əsasında yaradılmışdır.

TÜRKSOYun yaradılması və fəaliyyət prinsipləri haqqında Müqavilə həmin ölkələrin mədəniyyət nazirləri tərəfindən 1993-cü il iyulun 12-də Qazaxıstan Respublikasının keçmiş paytaxtı Almatı şəhərində imzalanmışdır. Təşkilatın Nizamnaməsinə görə, o, türkdilli dövlətlərin mədəniyyət nazirlərinin Daimi Şurasının qərarlarına əsasən fəaliyyət göstərir. Sonralar TÜRKSOY haqqında Müqaviləyə müşahidəçi ölkələr simasında Başqırdıstan, Tatarıstan respublikaları, Şimali Kipr Türk Respublikası, Xakasiya, Tuva, Çuvaşiya və Qaqauz Yeri respublikaları da qoşulmuşlar. Beləliklə, hazırda TÜRKSOYa 6 üzv və 7 müyşahidəçi ölkə daxildir.

TÜRKSOY təşkilatı türkdilli ölkələrin daxili və xarici siyasətindən, dövlət strukturlarının siyasi yönümündən asılı olmayaraq, onların mədəniyyət və incəsənət sahəsində regional birliyini həyata keçirir.

TÜRKSOYun üzv ölkələri onun fəaliyyətinin həyata keçirilməsində bərabər hüquqlara malikdirlər. Təşkilatın qərarları ölkələrdə növbə ilə keçirilən mədəniyyət nazirlərinin daimi şurasının toplantısında təsdiq olunur. Toplantılararası müddətdə təşkilata nazirlər sırasından seçilmiş Baş direktor rəhbərlik edir. Baş direktorun aparatında işçi qrupundan əlavə hər ölkədən bir nümayəndə fəaliyyət göstərir. TÜRKSOYun Baş direktorluğu Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində yerləşir; rəsmi dili türk dilidir.

Türkdilli ölkələrin dövlət başçılarının yüksək səviyyəli görüşlərində TÜRKSOYun fəaliyyəti bəyənilmiş və yüksək qiymətləndirilmiş, ona məsul beynəlxalq mədəniyyət proqramları işləyib hazırlamaq tövsiyə olunmuşdur.

Öz məqsədlərinə və vəzifələrinə, fəaliyyət sahəsinə və prinsiplərinə görə TÜRKSOY YUNESKOnun (BMT-nin maarif, elm və mədəniyyət işlərinə baxan hökumətlərarası təşkilatı) stukturuna yaxındır və Birləşmiş Millətlər Təşkilatının bir hissəsi olan bu təşkilatla sıx əlaqələr yaradıb. 1996-cı il iyunun 8-də İstanbulda TÜRKSOYla YUNESKO arasında qarşılıqlı əməkdaşlıq haqqında Müqavilə imzalanmışdır. Bu müqavilə hər iki mötəbər beynəlxalq təşkilatın mədəniyyət, incəsənət, təhsil və elm sahəsində türkdilli ölkələrin və xalqların tarixi və mədəni irsinin saxlanılması və zənginləşdirilməsinə, onların intellektual və mənəvi sərvətlərinin çoxaldılmasına, insan hüquqları və azadlıqlarının müdafiəsinə yönəldilmiş fəaliyyətini əlaqələndirməyi nəzərdə tutur.

TÜRKSOY təşkilatının əsas məramları aşağıdakılardır:

– Türk dilində danışan xalqlar, ölkələr və etnik qruplar arasında mədəni əlaqələrin inkişaf etdirilməsi;

– Türk mədəniyyəti nümunələrinin araşdırılması, öyrənilməsi, qorunması və dünyaya çatdırılması;

– Türk xalqalarının mədəniyyətində tarixi, siyasi və coğrafi səbəblərdən və xarici ölkələrin təsiri altında yaranmış fərqlərin aradan qaldırılması;

– Türk mədəniyyətinin müştərək olduğunun sübuta yetirilməsi;

– Türk mədəniyyətinin digər mədəniyyətlərin zərərli təsirindən qurtarılması və onun öz mənbələrinə qaytarılması;

– Coğrafi məkan cəhətdən geniş ərazidə yaşayan türk dövlətiləri və toplumları arasında əlifba və dilin saxlanılması;

– Dünya mədəniyyətində mühüm yer tutan türk mədəniyyətinin digər yerlərdə də yayılması;

– Türk mədəniyyət, incəsənət və arxiv sənədlərinin qorunması üçün mərkəz yaradılması;

– Türk dünyasının görkəmli tarixi şəxslərinin, mütəfəkkir, şair və yazıçılarının, habelə digər böyük şəxsiyyətlərinin bütün dünyaya tanıtdırılması və s.

Bu məqsədlərə nail olmaq naminə TÜRKSOY aşağıdakı fəaliyyət sahələrində tədbirlər həyata keçirir:

– mədəniyyət və incəsənət sahəsində türkdilli xalqlar arasında əlaqələri inkişaf etdirir və möhkəmləndirir, bu məqsədlə müxtəlif proqram və layihələrin birgə həyata keçirilməsini təmin edir;

– türkdilli xalqların ümummənəvi sərvətlərinin, tarixi irsinin, ədəbiyyat və incəsənət nümunələrinin, idmanın ənənəvi növlərinin və xalq oyunlarının aşkara çıxarılmasına, saxlanmasına, öyrənilməsinə, inkişafı və təbliğinə yönəldilmiş tədbirlər həyata keçirir;

– türkdilli ölkələrin mədəniyyət və incəsənətinin ən yaxşı nailiyyətlərini yayan radio və televiziya proqramlarının, sənədli, video və kinofilmlərin yaradılması üçün sifarişləri yerinə yetirir;

– teatr, musiqi, opera və balet sənəti sahəsində festival və musabiqələri təşkil edir, digər profilli strukturların keçirdiyi oxşar tədbirlərdə iştirak edir;

– türkdilli ölkələrin təsviri və plastik incəsənətinin inkişafına yönəldilmiş sərgiləri, rəsm sərgilərini və digər tədbirləri həyata keçirir;

– dövri və birdəfəlik mətbu məhsulu nəşr edir;

– ümumtürk tarixinin önəmli hadisələrinin, türkdilli ölkələrin dil, ədəbiyyat, mədəniyyət və incəsənətinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli şəxsiyyətlərin ildönümlərinə həsr olunmuş yubileyləri, xatirə gecələrini və digər kütləvi tədbirləri təşkil edir;

– TÜRKSOYun məqsəd və vəzifələri çərçivəsində beynəlxalq elmi konfranslar, simpoziumlar,diskussiyalar və i.a. keçirir.

– Mədəniyyət, incəsənət, təhsil və i. a. sahəsində digər beynəlxalq və milli təşkilatlarla içtimai strukturlar və hərəkatlarla qarşılıqlı əlaqələr yaradır; birgə proqramların həyata keçrilməsində onlarla əməkdaşlıq edir.

Göründüyü kimi, TÜRKSOYun fəaliyyət dairəsi çox genişdir. Bu gün isə fərəhlə demək olar ki, fəaliyyətə başladığı ilk anlardan yaşadığımız günədək çoxlu işlər görüb, yaxşı nailiyyətlər əldə etməklə özünün böyük gələcəyi olduğunu həm türkdilli dövlətlərə, həm də dünyaya nümayiş etdirə bilmişdir.

Belə bir cəhəti də qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası TÜRKSOYun yaradılmasında olduğu kimi, onun sonrakı fəaliyyətində də aparıcı dövlətlərdən biri olmuşdur. Azərbaycan rəhbərliyi bu təşkilatın türk xalqlarının mədəniyyət və incəsənətinin inkişafında və təbliğ olunmasında rolunu daim yüksək qiymətləndirərək onun fəaliyyətini genişləndirmək və gücləndirmək üçün demək olar ki, mümkün olan hər işi görmüşdür. Təşkilatın işi daim Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. O, 1996-cı il noyabrın 6-da türk dünyası yazıçılarının Bakıda keçirilən III qurultayında bu barədə belə demişdir: "Biz çalışmalıyıq ki, ölkələrimiz, xalqlarımız arasında olan əlaqələr bundan sonra bütün sahələrdə sürətlə inkişaf etsin. Dövlət nöqteyi nəzərindən, dövlət tərəfindən biz bunu edirik və türkdilli dövlətlərin başçılarının görüşləri də buna çox böyük imkan verir. Dövlət başçılarının ikitərəfli görüşləri də buna çox böyük imkanlar verir, dövlətlərimiz, ölkələrimiz arasında imzalanmış sazişlər və sürətlə inkişaf edən iqtisadi əlaqələr bunların hamısına imkan yaradır. Əmin ola bilərsiniz ki, Azərbaycan höküməti bu sahədə əlindən gələni əsirgəməyəcəkdir" (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir.8-ci kitab, Bakı 1998, səh.11-12). Bu sözlərin həqiqətlə necə səsləndiyini təsəvvür etmək üçün hökümət xəttilə görulmüş tədbirlərin birinə nəzər salaq: Hələ 1994-cü ilin əvvəllərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “TÜRKSOYun fəaliyyət strukturu və prensipləri barədə müqavilə" layihəsi hazırlanaraq respublika hökümətinin təsdiqinə təqdim edilmişdi. Müqavilə layihəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 may 1994-cü il tarixli 216 saylı qərarı ilə təsdiq olunmuş və onun həyata keçrilməsi üçün müvafiq sərəncamlar verilmişdi. Elə həmin il dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubiley şənliklərinə məhz Türkiyədə başlanılması da Türk dünyası mədəniyyət və incəsənət xadimləri arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi zərurətinin tamamilə dərk olunması nəticəsi oldu və gözəl səmərə verdi.

Qeyd edək ki, 1993-cü ilin ikinci yarısından sonra Azərbaycan dövləti tərəfindən TÜRKSOYun fəaliyyətinə diqqətin artması tezliklə bu təşkilatın işində Azərbaycan Respublikasının rolunu xeyli gücləndirdi. Azərbaycan nümayəndələrinin təşkiletmə işində fəal iştirakı təşkilatın fəaliyyətinin məqsədyönlü qurulmasında getdikcə daha çox özünü göstərirdi. Bu baxımdan Azərbaycan mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüskarlığı və işgüzarlığı daha çox diqqəti cəlb edirdi. Elə bu keyfiyyətlərin və üstəlik də onun təşkilatçılığının nəticəsi idi ki, artıq TÜRKSOYun V toplantısında (28 may – 3 iyun 1994-cü il, Bişkek, Çolpan-Ata) Polad Bülbüloğlu təşkilatın Baş direktoru seçildi. Bu da öz növbəsində TÜRKSOYun fəaliyyətində Azərbaycanın aparıcı rolunun artdığını əyani olaraq göstərdi. Beləliklə, əgər TÜRKSOYun yarandığı ilk vaxtlarda təşkilatın fəaliyyətində əsas ağırlıq mərkəzi Türkiyə Cümhuriyyətinin üzərinə düşürdüsə, 1994-1995-ci illərdən başlayaraq vəziyyət nisbətən bərabərləşdi, yəni, ağırlıq mərkəzi həm də digər türk respublikalarının, xüsusən də Azərbaycanın üzərinə düşdü. Doğrudur, TÜRKSOYun hələ II toplantısı (30 noyabr – 2 dekabr, 1992) Bakıda keçirilmiş və təşkilatın fəaliyyətini gücləndirməyə yönəldilən mühüm qərarlar qəbul etmişdi. Lakin o zaman aparıcı rol, yaxud liderlikdən hələ danışmaq olmazdı. 4 il sonra, 1996-cı il noyabrın 6-7-də Bakıda türk xalqlarının birliyi, ədəbi-mədəni əlaqələri ilə əlaqədar üç mühüm tədbirin (TÜRKSOYun VIII toplantısı, türk dünyası yazıçılarının III qurultayı və Məhəmməd Füzulinin 500 illik yubileyinin yekun tədbirləri) keçirilməsi artıq onu sübut edirdi ki, Azərbaycan türk dünyasının liderlərindən birinə çevrilməkdədir. Bu münasibətlə Azərbaycan prezidenti Heydər Əliyev noyabrın 6-da öz işinə başlamış TÜRKSOYun VIII qurultayına gələn qonaqlara və toplantı iştirakçılarına müraciətlə belə demişdir: "Bu gün Azərbaycan Respublikasının həyatında çox əlamətdar hadisələr baş verir. Günün birinci yarısında Bakıda türk dünyası yazıçılarının III qurultayı açılıbdır, ikinci yarısında isə Türksoy Beynəlxalq Təşkilatının növbəti toplantısı işə başlayır. TÜRKSOY ötən dövrdə böyük yol keçibdir, yaxşı nailiyyətlər əldə edibdir, özünün çox zəruri və böyük gələcəyi olduğunu həm türkdilli dövlətlərə, həm də dünyaya nümayiş etdiribdir".

TÜRKSOYun beynəlxalq təşkilat kimi nüfuzunun getdikcə artdığını belə bir faktdan da görmək olar ki, onun VIII toplantısının işində türk dövlətlərindən başqa Rusiya Federasiyası və Gürcüstan nümayəndə heyətləri də iştirak etmişlər. Rusiya mədəniyyət nazirinin müavini Konstaitin Şerbakovun toplantıdakı çıxışında Rusiya Federasiyasında yaşayan türkdilli xalqların sayının 12 milyon nəfər olduğu göstərilir və bildirilirdi ki, Rusiya Federasiyasında slavyandilli xalqlardan sonra ikinci yerdə türkdilli xalqlar durur və onların arasında ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verilir.

Belə bir mühüm cəhətə də xüsusi diqqət yetirilə bilər ki, türkdilli ölkələrin dövlət başçılarının toplantılarında TÜRKSOY təşkilatına daim mühüm əhəmiyyət verilir. Məsələn, hələ 1996-cı il oktyabrın 21-də Daşkənddə türk ölkələri dövlət başçılarının 4-cü Zirvə toplantısında TÜRKSOYun fəaliyyətinin gücləndirilməsi sahəsində qarşıda duran vəzifələr daha geniş səviyyədə müzakirə edilmiş və onun nəticələri yekun sənədlərində – Daşkənd bəyannaməsində öz əksinin tapmışdı. Bəyannamədə tövsiyə olunmuşdu ki, təşkilata daxil olan türkdilli ölkələrin xalqlarının ümumi təqvimini tərtib etsin və təqvim, ola bilər, gələcəkdə hər bir xalqın tarixinə, mədəniyyətinə, tarixi keçmişinə aid hadisələrin birlikdə qeyd olunmasını, lazım gələrsə, yubiley mərasimlərinin, təntənələrinin hamılıqla həyata keçirilməsini təmin etsin. Əlbəttə, belə bir tövsiyənin TÜRKSOY qarşısında qaldırılması heç də təsadüfi deyildi. Çünki, fəaliyyət göstərdiyi qısa müddətdə bu beynəlxalq təşkilat həmin sahədə zəngin təcrübə qazanmışdı. Bütün türkdilli dövlətlər qırğız dastanı "Manas"ın 1000 illiyini, böyük qazax şairi, filosofu Abayın 150 illiyini, Özbəkistanın dahi dövlət xadimi, bütün türk dünyasının böyük şəxsiyyəti Əmir Teymurun 660 illiyini, dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illiyyini (Azərbaycanda yubiley şənliklərinin yekunu deyildiyi kimi, bir qədər sonra noyabrın 8-də keçirilmişdi) təntənə ilə qeyd etmişdilər.

1996-cı il noyabrın 6-da Bakıda öz işinə başlamış türk dünyası yazıçılarının III qurultayı (I və II qurultaylar 1992 və 1994-cü illərdə Türkiyənin paytaxtı Ankara şəhərində keçirilmişdi) noyabrın 7-də öz işini davam etdirmişdi. Qurultayda müxtəlif türk ölkələrindən, o cümlədən Türkiyədən, Cənubi Azərbaycandan, Qazaxıstandan, Başqırdıstandan, Tatarıstandan, Saxa-Yakutdan və s. gəlmiş nümayəndələr iştirak və çıxış etmişdilər. Daşkənd bəyannaməsinin müddəalarını rəhbər tutan qurultay türk xalqları arasında qardaşlıq əlaqələrini daha da genişləndirməyə çağıraraq bununla bağlı mühüm qərarlar qəbul etmişdi. Bunların arasında türk dünyası yazıçılarının Bakıda Azərbaycan Yazıçıları Birliyinin nəzdində koordinasiya (əlaqələndirmə) mərkəzinin yaradılması, qurultay materiallarının, həmçinin, 1926-cı ildə Bakıda keçirilmiş I Ümumittifaq türkoloji qurultayının materiallarının çap edilməsi, 1999-cu ilin bütün dünyada "Dədə Qorqud ili" elan edilməsi barədə YUNESKO qarşısında məsələ qaldırılması, türk dünyasında latın qrafikalı əlifbaya keçilməsi ilə əlaqədar real tədbirlər planı hazırlanması, ortaq ədəbi türk dilinin formalaşdırılması üçün tədbirlər həyata keçirilməsi və s. çox mühüm əhəmiyyətə malik idi.

Dahi mütəfəkkir, türk dünyasının və onun ayrılmaz hissəsi olan Azərbaycanın bütün bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biri Məhəmməd Füzulinin 500 illik yubileyinin qeyd olunması bütün türkdilli ölkələrin və xalqların əsl bayramına çevrildi. Qeyd edək ki, Məhəmməd Füzulinin yubileyi təkcə Azərbaycanda deyil, həm də Türkiyədə, Rusiyada, İraqda, İranda, Dağıstanda, Parisdə – YUNESKO-nun baş qərargahında keçirilmiş, bütün dünyada Azərbaycanın şöhrətini daha yüksəklərə qaldırmış, türk xalqlarının əlaqələrinin gücləndirilməsi işinə layiqli xidmət göstərmişdi. Dahi söz ustadının 1996-cı il noyabrın 8-9-da Bakıda keçirilmiş yubiley şənliklərinin yekunu isə türk ölkələri və xalqları birliyinin parlaq nümayişinə çevrilmişdi. Çünki bu yubiley təntənələrində demək olar ki, bütün türk ölkələri və xalqlarının nümayəndələri iştirak etmişdilər. Təntənəli yubiley iclasına dünyanın bir çox ölkələrindən nümayəndələr gəlmiş, 7 türk ölkəsinin (Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Xakasiya) nümayəndələri böyük Füzuli sənəti, Azərbaycan xalqı haqqında geniş məruzələrlə çıxış edərək ürək sözlərinin söyləmişdilər. Bu tədbir bir daha sübut etmişdi ki, eyni kökdən olan türk xalqları arasında yeni şəraitdə ədəbi-mədəni əlaqələrin gücləndirilməsində belə görkəmli şəxsiyyətlərin yubileylərinin qeyd olunması olduqca böyük əhəmiyyətə malikdir.

Belə bir faktı da qeyd etmək xoşdur ki, yeni XXI əsrin birinci ilində TÜRKSOYun ilk (15-ci) toplantısı da 2001-ci il yanvarın 16-17-də məhz Bakıda keçirilmiş və türk dünyası mədəniyyət və incəsənətinin yeni yüksəliş və yaxınlaşma yoluna qədəm qoyduğunu bütün dünya qarşısında bir daha nümayiş etdirmişdir. Bu mühüm cəhət TÜRKSOYun Baş direktoru, Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlunun çıxışında da öz ifadəsini tapmışdı. O, demişdi: "Bizim üçün çox əlamətdardır ki, TÜRKSOY yeni əsrdə ilk toplantısını məhz Bakıda keçirir. Türksoy özünün modeli ilə analoqu olmayan bir qurumdur. Mövcud olduğu 8 ildə 15 dəfə bir araya gəlmiş türkdilli dövlətlərin mədəniyyət nazirləri işbirliyi sahəsində mehriban ailəyə çevrilib. Bu qurum XXI əsrin tam mənada türk dünyası əsri olması üçün var qüvvəsi ilə çalışacaq".

Maraqlıdır ki, toplantıda çıxış edən bütün türkdilli dövlətlərin təmsilçiləri bu fikrə tamamilə tərəfdar çıxmış və Bakı toplantısının türk dövlətləri arasında qurulmuş körpünün möhkəmləndirilməsində özəl yeri olduğunu vurğulamışdılar.

Azərbaycan prezidenti Heydər Əliyev yanvarın 16-da təşkilatının XV toplantısında iştirak edən türkdilli ölkələrin nümayəndələrini qəbul edərkən bu beynəlxalq təşkilatın fəaliyyətinə yüksək qiymət verərək demişdir: "… Türkdilli Dövlətlər Birliyi yaranandan indiyə qədər TÜRKSOY təşkilatı hamıdan çox iş görmüş bir təşkilatdır". O, TÜRKSOYun fəaliyyətinin necə böyük əhəmiyyət daşıdığına 2000-ci ilin aprelində Bakıda keçirilmiş "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyini konkret misal kimi göstərmiş və demişdir ki, "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi keçirilən günlərdə Azərbaycana təkcə türkdilli dövlətlərdən deyil, bir çox ölkələrdən, o cümlədən Avropa ölkələrindən nümayəndə heyətləri gəlmişdi. Biz "Kitabi-Dədə Qorqud haqqında o bir il içərisində öyrəndiyimizin heç on faizini də bilmirdik. Amma indi "Kitabi-Dədə Qorqud" hamı üçün ulu babadır. Birisi "Dədəm Qorqud" deyir, o biri "Ata Qorqud" deyir, digəri "Dədə Qorqud" deyir". Bu konkret nümunə bir daha onu göstərir ki, türkdilli xalqların ədəbiyyatını, musiqisini, tarixi köklərinin eyniliyini, yaxud oxşarlığını sübut edən əsərlərin təbliği nə qədər vacib və böyük əhəmiyyətə malikdir. Təbiidir ki, belə mötəbər tədbirlər digər türk respublikalarında da həyata keçirilir və bunlar hamısı birlikdə türk dünyasının zəngin mənəvi sərvətlərinin dünyada tanınmasında çox böyük rol oynayır.

2002-ci il yanvarın 28-30-da Qazaxıstanın Almatı şəhərində TÜRKSOY Beynəlxalq Təşkilatının 17-ci toplantısı keçirilmişdir. Birinci gün toplantı iştirakçıları Almatıdakı Dövlət İncəsənət Muzeyində TÜRKSOYun rəsm sərgisinin açılışında olmuşdular. 2001-ci ilin avqustunda Türkiyənin Çanaqqala şəhərində təşkil edilən Beynəlxalq yaradıcılıq laboratoriyasında ərsəyə gətirilən bu sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanmışdı (sərgidə gənc Azərbaycan rəssamı Rəşad Mehdiyevin də işləri nümayiş etdirilmişdi). Bundan sonra TÜRKSOYun toplaniısı öz işini davam etdirmiş, türkdilli dövlətlərin mədəniyyət nazirləri öz çıxışlarında təşkilat yarandığı gündən keçən on il ərzində qazanılmış nailiyyətlərdən, türkdilli dövlətlərin mədəniyyətlərinin bir-birinə yaxınlaşması, ümumtürk mədəniyyətinin nəşri və təbliğ olunması sahəsində görülmüş böyük işlərdən söz açmışdılar. Toplantıda Beynəlxalq TÜRKSOY Təşkilatının Baş direktoru Polad Bülbüloğlu geniş məruzə ilə çıxış edərək xüsusi olaraq vurğulamışdır ki, TÜRKSOYun üzvi olan respublikaların mədəniyyət sahəsindəki əlaqələrinin genişləndirilməsində və təbliğində türk dövlətləri başçılarının (Heydər Əliyev, Nursultan Nazarbayev və b.) bu mühüm işə böyük diqqət və qayğı ilə yanaşmaları, təşkilatın fəaliyyətini yüksək qiymətləndirmələri əhəmiyyətli rol oynamışdır. Bu diqqət və qayğı həm də yeni — 21-ci əsrdə təşkilatın işini daha uğurla qurmaqda mühüm zəmin olmuşdur. Toplantıda TÜRKSOYun fəaliyyətini daha da genişləndirmək sahəsində mühüm qərarlar qəbul edilmişdir.

Copyright © 2002-2003 WebStar - www.onerjurnali.tk - cahidbdu@yahoo.com
Hosted by uCoz