ONER jurnali
ONER-jurnali
 

İsmayıl Vəli Öməroğlu

KİPR YAZIÇISI İSMAYIL BOZKURDUN ROMANLARINDA İNSAN PROBLEMİ

İsmayıl Vəliyev, professor

Ədəbiyyatda və sənətdə insan məsələsi dünyada mövcud olan mürəkkəb problemlərin ən vaciblərindən biri sayılır. İnsan problemi cəmiyyətin formalaşdığı zamandan indiyə qədər bütün insanları və onların fəaliyyəti nəticəsində meydana gələn elmləri, dinləri, dövlətləri və siyasətçiləri daim maraqlandırmış və məşğul etmişdir. İnsan problemi bütün dövr və zamanların həyat və yaşam problemidir. Bədii söz sənətkarları öz axtarışlarında bu məsələni həmişə önə çəkmiş, insanın insan kimi yaşayışı üçün gə-rəkli olan vacib məsələlərin həllinə diqqət yönəltmişlər.

Araşdırmaçı elm adamlarının da fikrinə görə insan münasibətləri mürəkkəb və çoxsaylıdır, bütövlükdə bir sistem şəklindədir. Bu münasibətlər müxtəlif dövrlərdə, müxtəlif dini-siyasi qurumlarda və cəmiyyətlərdə müxtəlif cür düşünülmüş və ona müxtəlif yönlərdən qiymət verilmişdir. Bədii, elmi, fəlsəfi düşüncədə insan probleminin yeri və dəyərləndirilməsi də ona görə müxtəlifdir.

Bütün hallarda insan problemi, insan – dünya, insan – cəmiyyət, insan – təbiət və insan – insan münasibətləri sistem kimi başa düşülür və bu istiqamətdə də təhlilə cəlb edilir. İnsanın dünyaya münasibəti hansı formadadır, insanın cəmiyyətə münasibətində nə kimi proseslər baş verir, insanın təbiətlə əlaqələri nə səviyyədədir və insanın öz həmcinsi olan insanla münasibəti necədir? Cəmiyyətin və mühitin əsas simasını müəyyən etmək üçün bu suallara cavablar əsas yer tutur. Müxtəlif coğrafi mühitlərdə, müxtəlif dini cəmiyyətlərdə və dövlətlərdə insana münasibət tarixən eyni cür olmamışdır. Buna görə də milli-etnik xüsusiyyətlər, dini xüsusiyyətlər, siyasi amil-lər, dövlət qurumlarının idarəçilik sistemi, qanunvericilik və hüquqi cəhətlər insan prob-leminin həllində ümumi yerlərdən birini tutur. Buna görə də insan problemi sadə məsələ deyil. Hansı dövlətdə, hansı cəmiyyətdə, hansı regionda, hansı etnik mühitdə insan problemi necə başa düşülür sualına da məhz bu yöndən, bu istiqamətdən bax-maq tələb olunur.

Bu gün dünyada qloballaşma siyasəti deyilən bir anlayış düşüncələrə hakim olmaqdadır. Bu qloballaşma insan problemi anlamında hansı mənanı ifadə edir? Dünyadakı bütün proseslər onu göstərir ki, dünya insanlar üçün ümumi yaşayış məskəni olsa da təssüf ki, müəyyən toplumlarda və siyasi dairələrdə bu belə qəbul olunmur. Ona görə də insanların həyatında tarazlıq pozulur, dünyada mövcud olan çəkişmələr, siyasi, etnik və dini maraqlar dünyanın və insanların həyatına mənfi təsir göstərir. Qloballaşma siyasəti bu təsirləri aradan qaldıraraq insanları birgə yaşayışa dəvət et-mək, dünyanı hamının evi, hamının birgə yaşayış mənzilinə çevirmək niyyətini gerçəkləşdirmək istəyi kimi də qəbul olunur və hamı tərəfindən bəyənilir.

Yaşadığımız dünyanın bu günü də ciddi narahatlıqlarla doludur. Soyuq müharibələrdən sonra dünyada terrorizm deyilən dəhşətli bir hadisə meydana gəlmişdir ki, bu da həm siyasi, həm etnik, həm də dini zəmində öz təsirlərini göstərir və dünyada cəhdləri aydın bilinməyən yeni savaşlar yaradır. Bunların qarşısını almaq üçün ədəbiyyat da, sənət də öz gücünü səfərbər edir, insanları diqqətli və ayıq-sayıq olmağa səsləyir. Bu baxımdan ədəbiyyat və fəlsəfənin dünya və insan münasibətlərinə diqqəti artırması, bunlarla bağlı problemləri araşdırması əhəmiyyətli haldır.

Bu gün dünyanın müxtəlif regionlarında, hətta bir dövlət tərkibində həlli asan olmayan müxtəlif ciddi konfliktlər mövcuddur. İstər Qafqaz regionunda, istər Cənubi Asiyada, yaxud Kiçik Asiyada, həmçinin Balkanlarda, Kiprdə etnik münaqişələr və anlaşılmazlıqların davam etdiyi bir zamanda bu regionlarda insan probleminin həlli məsələsinə xüsusi diqqət tələb olunur. Bu işdə ədəbiyyatın üzərinə də böyük vəzifələr düşür və o, həmişə öz sözünü deyir. Ədəbiyyat yüksək humanist mövqedə dayanaraq bəzən siyasətlərdən və qanunlardan yuxarı olan əsas amilləri ön plana çəkir, insan və insanlıq üçün ən vacib olan, ən ümdə və gərəkli sayılan əsas məsələləri diqqətə alır. Əџdəbiyyat dünyanın siyasiləşməsinin, ideoloji cəbhələşmələrin doğurduğu fəlakətləri öz humanist-estetik prinsipləri ilə təhlil edir.

Qafqazdakı etnik münaqişələri də diqqətlə təhlil edən bədii ədəbiyyat əsərlərindən görünür ki, bu münaqişələrin arxasında etnik maraqlardan çox siyasi maraqlar dayanır. Dünyanın yeni, iqtisadi baxımdan bölüşdürülməsi üçün maraqlı olan siyasi dairələr çox incə üsullarla "parçala, hökm elə" siyasətini həyata keçirirlər. Gizli deyil ki, iqtisadi amillər etnik münasibətlərin törənməsinə və getdikcə artmasına səbəb olur. Həmin problemlər Balkanlarda, eyni zamanda Kipr həyatında da aydın görünməkdədir.

Son dövrlərdə Amerikada baş verən terrorizm hadisəsi (11 sentyabr 2001) dünyanı yeni bir istiqamətə yönəltdi. Artıq terrorizmlə təkbətək deyil, bütün dünya ölkələri birlikdə mübarizə aparmalıdır. Uzun zaman terrorizmlə təkbaşına mübarizə aparan Türkiyə Cümhuriyyəti indi bu məsələnin dünya ölkələri ilə birgə həllinə nail olmağa çalışır. Çünki terrorizmin regional deyil, dünyəvi problemə çevril-diyi göz önündədir. Dünyanın hansı bir məskənində, hansı bir məkanında etnik münaqişə baş verirsə artıq onu regional problem hesab etmək olmaz. Bu, bütövlükdə dünyanın və insanlığın problemidir. Kipr hadisələri də eynilə bu baxımdan qiymətlən-dirilməlidir.

Sevindirici haldır ki, Kiprdə yaşayan yazıçılar Rum-türk münaqişələrinin aradan qaldırılması üçün mövcud olan bütün imkanlardan maksimum istifadəyə yüksək qiymət verirlər. Baş vermiş olayların bədii ədəbiyyat vasitəsilə təhlilinə çalışırlar. Bu cəhətdən İsmayıl Bozkurdun bədii əsərləri də yüksək siyasi və bədii dəyərlərə ma-likdir. İsmayıl Bozkurd zəngin həyat yolu keçmiş, Kipr hadisələrinin bilavasitə iştirakçısı, Türk Camaat Məclisi və Toplumçu Qurtuluş Partiyasının başqanı olmuş, Kültür və Turizm Naziri vəzifəsində çalışmış, bir sıra siyasi vəzifələri həyata keçirmiş, çoxlu məqalələr yazmışdır. Onun "Qızıl Meydanda bir uçak" (1987), "Yusufçular oldumu?" (1991), "Manqal" (1995), "Bir gün bəlkə" (2002) romanları nəşr olunmuşdur. Onun əsərlərində Kipr türklərinin həyatı təsvir olunur. Onun "Yusufçular oldumu?" romanı da həmin mövzudadır. Romanı oxuculara təqdim edən Atilla Özkırımlı onu "bir aydın romanı" – deyə anlatmış və göstərmişdir ki, İsmayıl Bozkurd "Kiprdə yaranan olayların insan dünyasında yol açdığı yıkımları, kiçik hesablara dayalı siyasal çəkişmələri və toplumsal çaklantıyı da başarıyla bitimləyir". Həqiqətən də bu romanda yazıçının əsas istəyi həqiqətləri üzə çıxarmaqdır. Yazıçının "Manqal" əsə-rində də Kipr həyatı və insanları təsvir olunur.

İsmayıl Bozkurdun "Bir gün bəlkə" romanı da həmin mövzularda yazılmış kəskin süjetli bir əsərdir. Burada 1963-cü ildən sonrakı Rum saldırıcılarının bir köydəki etkiləri təsvir olunsa da bütövlükdə insanlıq üçün gərəkli olan mühüm problemləri diq-qətə alır və oxucularını daha dərindən düşündürən insani münasibətləri ön plana çəkir.

İsmayıl Bozkurd məsələlərə yalnız tarixi olaylar çərçivəsindən deyil, daha böyuk insani mövqedən yanaşır. İlk növbədə hadisələrin gedişində məsələləri ayırd etməyin çətin olduğunu diqqətə alan İsmayıl Bozkurd göstərir ki, bütövlükdə Kiprdə baş verən etnik hadisələr Kipr insanlarının daxili istəklərindən deyil, kənar təs-vir-lər-dən qaynaqlanmışdır. Kipr insanlarının birgə qarşılıqlı hörmət və ehtirama layiq münasibətləri olmuşdur, lakin sonralar bu münasibətlər yad təsirlərdən pozulmuşdur.

İsmayıl Bozkurd insan – təbiət münasibətlərindən bəhrələnərək obrazlarını ərsəyə çıxarır, aydın bir mənzərə yaradır. Boğaziçi köyünün gözəllikləri, dərə boyu axan çayı, türk və yunan məhəllələri, meyvə bağları, yaşıllıqlar içindəki evlər, eyvanlar, köylülərin bir-birinə qonşu olan zeytun və harnıp bağları... Roman qəhrəmanları bu cür gözəl təbiətdə yaşayırlar. Gözəl təbiət, ətrafın ürək doyuran mənzərələri içərisində yaşayan insanlar da sağlam və güclüdürlər. İnsanlar təbiətlə birlikdə olanda özləri də, işləri də, qayğıları da bir olur. Eyni məişətdə yaşayanların, eyni işi görənlərin xasiyyətində, dünyagörüşündə də oxşar və bənzər cəhətlər olur. Romanda çox incə məqamlarla yunan Hristo ilə türk Davudun gənclik illəri xatırlanır. Onlar gənclərə xas olan birgə oyunlara qatılır, yarışmalarda iştirakçı olur, öcəşirlər, biri o birisinə güləşdə uduzur. Lakin bu uduzmanın sonu qonaqlıqla bitir. O zaman milli ayrı-seçkilik yox idi, onların birgə dünyaları, qəhvəxanalarda iş-dən sonrakı şənlənmələri var idi. Meyvə bağlarının yanaşı olması da köylülərə bir yaxınlıq, mehribanlıq yaratmışdı.

Romanın əsas qəhrəmanı olan Mehmet bu mühitin yetirməsidir. Müəllif təqdimində Mehmet və köyün gözəlliklərininin təsviri gələcək olaylar üçün başlanğıc olur. İlk mənzərə ilə mühitə aydınlıq verilir:

"Boğaziçi köyü Türklərlə Rumların karma olarak yaşadıkları bir köydü. Mehmetlerin kapı komşuları bir Rum ailəsi idi. Ortakulda da kəndilərinə bir kaç yıl Rumca okutmuşlardı. Mehmet Rumca iyi anlar və konuşurdu".

Maraqlıdır ki, Boğaziçi köyündə adamlar dini-etnik fərqə baxmayaraq bir-birinə qaynayıb qarışmış, adətlərinə və gələnəklərinə uyğunlaşmış, bir-birlərinin dillərini öyrənmişlər və mehriban bir ortamda yaşamaqdan faydalanmışlar.

Romanda təbiət amilinin bir üstünlüyü də diqqətə alınmışdır. Zəngin təbiət san-ki insanların da gözünü, könlünü doydurmuşdur. Mehmetlə yunan qızı Nitsanı da kimlərsə tanışdırmamışdır, təbiət onları görüşdürmüşdür. Onların tanışlığı, bir-birinə yaxınlaşması, bir-birlərini sevməsi də təbiətlə bağlı hadisəyə çevrilmişdir. Onların bir-birlərinə ehtiyac duyduqları ilkin ötəri duyğudan yüksək sevgi mərtəbəsinə yüksəlmişdir. Təbiətdən doğan bu sevginin özü təbiilik və özəllik qazanmışdır. Bu sev-gi fonunda Davudla Hristo münasibətləri təhlil olunur. İlk öncə Nitsa bu münasibətlərin pozulma səbəblərini axtarır. Nitsa bir köydə gəncliklərini yaşamış bu insanların bir-birinə iddialı münasibətlərində ciddi bir ayırıcılıq görmür, adi köy kişilərinə məxsus güc yarışmasından doğan hirs və inad Nitsada xəfif gülüş doğurur, babasının Türk Davuda kini arxasında ciddi düşmənçiliyin olmadığını görür və Mehmetlə münasibətini pozmur. Nitsanın anası Mariya və Mehmetin anası Zəhra rumlarda və türklərdə olan ana-qadın münasibətinin təmizliyini önə çıxarır. Qonşuluğu və birgə yaşayışı təqdir edən analar bu münasibətlərdə kötülük axtarmır, qarşı tərəfə düşmən münasibət bəsləmirlər.

Burada adi köylülərin adi həyat fəlsəfəsi müəyyənləşir. İnsani münasibətlərdə, həyat, təsərrüfat və məişətdə heç bir problem yoxdursa, deməli sevgiyə, qonşuluğa sığınmaq, arxalanmaq, ona dəyər vermək mümkündür.

Təbiətə münasibətin doğurduğu bu düşüncədə görünən rum-türk münasibətləri də təbiət kimi doğaldır. Təbiətdən faydalanmada da heç bir uyğunsuzluq yoxdur. Hər kəsin öz evi, torpağı, meyvə bağları var və onların payına düşən təbiət oradakı insanları yaşatmaq və barışdırmaq üçün yetərlidir, yəni heç kəsin başqasından torpaq uma-cağı yoxdur. Tərəflərin bir-birinin evində, dükanında, malında da gözü yoxdur. İnsanların ürəkləri də təbiətləri kimi doludur, acgözlük, dargözlük duyğuları yoxdur.

Mehmetin bacısı Dilək də, dostu Bayram da yunan qızı ilə onun görüşməsinə, hətta sevişməsinə təbii bir hadlisə kimi baxırlar. Romanda ən kövrək, ən parlaq bir fidan təsiri bağışlayan Diləyin bu sevgiyə münasibəti, marağı yalnız böyük qardaşına – ağabəyisinə olan sevgisindən doğmur. Onun özünün gələcəyə və həyata sevgisinin işartısı kimi görünür və bir qızın dünyaya və insanlara sayqı və sevgisini ifadə edir:

– "Kimdi o kız ağabəy?

– Hangi kız?

– Şu tarafa doğru yürüdü.

– Nə biləyim yani? Bir kız iştə. Bir Rum kızı!"

Dilək "Rum qızı, türk qızı" fərqində deyil. Onun saf duyğularında bu ayrıcalıq yoxdur və ona görə də heyrətlənmir, təccüblənmir və əsas sorusu-sorğusu da tamam başqa maraqdan doğur:

– "Güzel mi?

– Güzel. Ne olacak?

– Hiç, yalnızca sordum".

Romandakı bu dialoq sadədir, yalnız münasibətləri ifadə edir. Bir təbiətin, bir kö-yün insanları arasında sevgiyə xor baxılmır. Meyar da milli deyil, əsas insaniliyin verdiyi dəyərdən doğan "gözəllik"dir. Bacı qardaşının sevgilisinin kimliyini, hansı millətdən olduğunu deyil, gözəlliyini əsas götürür. "Təki ağabəyisinin sevdiyi qız gözəl olsun, vəssalam".

İnsan probleminin araşdırıcıları cəmiyyətin – insana, insanın cəmiyyətə münasibətlərini öyrənməklə sosial-psixoloji düşüncə ilə siyasi düşüncə arasındakı uyğunluğun və uyğunsuzluqların təhlilini əhəmiyyətli sayırlar. İsmayıl Bozkurdun romanında da cəmiyyət – insan münasibətləri maraqla izlənmiş, toplumla fərd, siyasi quruluş və etnik toplum arasındakı ilişkilərin bəzi cəhətləri bədii təhlildən keçirilmişdir.

Kiprdə cəmiyyətin siyasiləşməsi toplumu birliyə deyil ayırmağa yönəldiyinə görə onun insanlara etkisi, onların həyatına təsiri də bu yöndədir. Birləşdirici tellərin zəifləməsi ayırıcı amillərin güclənməsinə gətirib çıxarır. Burada birləşdirici tel zəifdir, zərifdir: onun tərəfində Mehmet – Nitsa sevgisi, Bayram Dilək münasibəti və anaların tərəfsizliyi, barışdırıcı mövqeyi durur.

Digər tərəfdən təmsilçisi köyü siyasiləşdirərək ayrı-ayrı maraqlara xidmət edən EOKA ilə ona qarşılıq məcburi yaradılan TMT örgütləridir. Bu örgütlərin birinin dağıdıcı, o birinin müdafiə məqsədli olmasına baxmayaraq hər ikisi köydə həyatın siyasiləşməsinə gətirib çıxarır. Qısa bir müddətdə köy məhəllələrinin əvvəllər hiss olun-mayan kəsimləri ortaya çıxır, yollar, dükanlar, qəhvəxanalar ayrılır. Məişətdə və düşüncədə ayrılıq mənəviyyata təsir edir, artıq bir köyün insanları bir-birindən təhlükə gözləyirlər. Ayrı-ayrılıqda silahlanma, döyüşə və müdafiəyə hazırlıqlar başla-nır.

Ədəbi təcrübələrin gəldiyi qənaətə görə cəmiyyətdə siyasiləşmə, onun sinfi, maddi, dini və etnik təsirlərinin güclənməsi bütün sxemlərlə insanların bir-biri ilə yadlaşmasına gətirib çıxarır. İsmayıl Bozkurd sənətin ona verdiyi yetki ilə humanist mövqedə dayanır və məsələlərə milli çərçivədən yanaşmır. Bu mövqe və prinsip mə-sələlərə tam aydınlıq gətirməyə şərait yaradır. Siyasətin gücləndiyi yerdə mənəviyyatın zəifləməsini əsaslandıran yazıçı həssaslıqla insanı uçuruma aparan, yaxud yaşamağa səsləyən həyat yollarını təsvir edir. İnsanların dişardakı mücadilələrlə iç dünyalarındakı mücadilələri müqayisə edir. İç dünyasındakı həzin, həssas insani duyğuları dış dünya qoruya bilmir. Mehmetin andı, Dəli Hristonun türkə qarşı mücadilə prinsipləri, etnik üstünlüyə uyaraq şəxsi həyatlarını siyasi istəklərinə qurban verməyə hazır olan insanların başlangıcda nə itirəcəkləri bəlli olmur. Siyasi ambisiyalar, iddialar çoxaldıqca itkilər də üzə çıxır, qonşuluq münasibətləri pozulur, ormanda çobanlara qəsb edilir, hər iki tərəfdən adamlar yoxa çıxır. Ən böyük itki isə insanların bir-birinə inamı və güvənidir.

Lakin köyün siyasiləşməsi insani duyğuları büsbütün silib atmır. Nitsa öz sevgisini yaxın arkadaşı Nikidən başqasına söyləyə bilmir. Niki "Ama o bir Türk" dedikdə belə qarşı tərəfdən içdən gələn bir duyğu Nitsaya qürur gətirici güc verir. "Ya baban, Nitsa?" kimi dəhşətli soru da onun saf, tərtəmiz məhəbbətinə üstün gələ bilmir. "Onu düşünmək belə istəməm. Həm aramızda bir şey yok ki..."

Sonra bu sorular daxili, iç aləmin təhlilinə verilir. Nitsa ayıq, oyanıq bir insan kimi babasının türkləri sevməməsinin səbəbini axtarır. Ortada heç bir şey yoxkən bu ayrı-seçkiliyə haqq qazandıra bilmir. Burada Azərbaycan ədəbiyyatının ünlü əsərlərinin düşüncələrə təsir edən "Əsli və Kərəm" (dastan), "Bahadur və Sona" (N.Nərimanovun əsəri) yaxud, "Baxşı və Sona" (C.Cabbarlı) kimi, dini və milli ayrı-lıqların yaratdığı faciələri yada düşür. Əgər Bahadur sevgilisi ilə onun arasında dayanan "uçurum dərələrə" nifrət edir və insanları bölən, onların həyatına, sevgisinə qarşı çıxan "uçurumun" qurbanına çevrilir. Bu cür duyğunu ayrı-ayrılıqda Mehmetle Nitsa da yaşayırlar. Nitsa öncə "qala-qala bir Türkmənə qaldım" – deyirdisə də, düşüncələrindəki ziddiyyətlərə son qoyur:

"Rum ya da Türk, Hristiyan ya da Müslüman hepsi insan degil mi? Turklər də insan degil mi? Mehmetin nesi var? İnsan iştə! Gene bir erkek! Her hangi bir Rum genci kibi".

Nitsanın bu fərdi düşüncəsi onun dünyaya, həyata və insanlığa münasibətinin sonunda formalaşan qəti qənaətidir. Bu qətiyyət onu Mehmetə sevdirir. Mehmet də eyni düşüncəyə sahib olduğuna görə sevgilisi ilə görüşə can atır. Köydəki əski tarixi gələnək, adət-ənənə də bu gəncləri bir-birindən ayırmağa yönəlməmişdir. Bu köydə heç zaman kanlı dava olmamışdır. Mehmetin arkadaşı Dinçerlə köylərini dəyərləndirmə zamanı söyləmiş fikirdir:

"Mehmet de çok duymuşdu bunu. Boğaziçində tartışma, kavğa əskik olmaz, fakat çıkan tartışma ya da kavğaların sürməsinə izin verilməzdi. Biriləri çıkıp, tartışan kavğa edənlərin arasını bulurdu".

Yazıçı İsmayıl Bozkurd yeri gəldikcə roman olan bu dəyərli adətləri ortaya çıxarmaqla tarixi hadisələrə qiymət vermək istəyir: Tarix burada insanların birgə yaşayışı üçün gərəkən hər şeyi yapmışdır, gələnəklər də birgə yaşam üçün "qanunlar" müəyyən etmişdir. Lakin yeni başlayan "kavğa" bir başqa türlü olduğuna görə "ara bulucu" rolunu yerinə yetirən tapılmır. İnsanlar artıq sanki bir-birinə qarşı yadlaşır. Adi ziddiyyətlər böyüyüb türk-yunan ziddiyyətinə çevrilir, hökümət və polis görəvini yapmır, vəzifəsini yerinə yetirmir. İngilislər sadəcə seyrci gözü ilə baxırlar. Həyat isə yaxşının, düzün, xeyirin tərəfinə doğru getmir. Qarşıdan gələn təhlükə duyulur, artır, çoxalır, lakin "arabulucu" bulunmur. Ziddiyyətlər artır, çoxalır, daxili gər-ginliklər, cəmiyyətdəki ürək döyüntüləri də artır, sürətlə döyünür. Mehmet isə sevgilisinə qərar verir: "Dünya yansa da gələcəyəm" – deyir. Həqiqətdə də dünya yanmağa doğru sürüklənir.

Nitsa babasının hərəkətlərindən yeni təhlükələr olacağını təxmin edir, "qorxuram, bir şeylər olacaq" – deyir. EOKA-çı Hristonun qızı bunu bilir, Mehmet də olayları duyur, hər ikisi dünyanın dalana – çıxmağa doğru getdiyini anlayır. Çıxış yolu axtarıb tapa bilmirlər, içərilərində hər şeyin yoluna qoyulacağına da ümid bəsləyirlər. Daxilən, bəzən bir-birlərini suçlasalar da, biri o birinə "qeyri tərəfin" təmsilçisi kimi baxsa da dumanlıq tez çəkilir və gənclər şəxsi, fərdi, saf duyğularına inanır və bu duyğuların diqtəsi ilə izləyirdilər. Bəzən də ziddiyyətlər onları uçurumun kənarına aparır. Hristonun öz köpəyinə "gəbərdəcəyəm səni Türk" deməsi və iti öldürməsi onları hiddətləndirir. Mehmetin "Manyakmış senin baban... Nedir bu duş-manlık, bu kin? Nə yapmış Türklər babana?" – sorusuna Nitsa cavab vermir, babasını savunmur, ona haqq qazandırmır.

Mehmetin babası da Rumları sevmir. Çünki 1957-58-ci illərdə türklərə qarşı hərəkat başlayanda Dəli Hristo və onun kimilər türklərə çox ziyan vurmuş, neçə adamın qanını tökmüşlər. Bununla belə, Pəhləvan Davud onlara kin bəsləmir, cocukla-rında rumlara qarşı düşmənçilik tərbiyə etmir. Mehmet qarşı tərəfin türklərə qarşı mənası, əsası olmayan düşmənçilik təbliğatını görür və qınayır. İlk okulda qavğa etdiyi rum cocuğu Aleksinin "İsayi türklər öldürmüş" kimi sözlər söyləməsinin nə qədər yanlış və mənasız olduğunu da görmüş və dərk etmişdir. Sadə adamlarla tarix və din bilgilərinin azlığı belə yanlış fikrə meydan verir. Təssüf ki, belə təbliğat sözsöhbət yunan cocuklarının qafasında ən ağır fikir formalaşdırır: "Ən iyi Türk, ölu Türkdür, Bir Türk öldürmək günah deyil". Yazıçı çox ustalıqla belə fikrin yanlışlığını əsaslandıra bilmiş və əsərlərində yanlış mövqeyə qiymət verməyi bacarmışdır.

İsmayıl Bozkurd insan münasibətlərinin bu cür yanlış bir yön almasına acıyır. Bu yol birgə yaşayışa, allahın onlara bəxş etdiyi gözəl təbiətə xəyanətə aparır. Bu yola başçılıq edən "böyük siyasətçilərin" əslində böyük olmayan, uzaq görməyən fəa-liyyətlərinin pozucu mahiyyətini almağa xidmət edir. Siyasətçi Makariosların fəaliyyəti dünya qurmağa deyil, könül qırmağa aparır, insanları birləşdirən körpülər bir-bir dağılır, köylülər, məhəllələr bir-birindən uzaqlaşır, köyün əski gözəlliyi yoxa çıxır, hər şey barışa deyil, savaşa doğru gedir, insanlar savaşa doğru sürüklənir.

Münaqişələrin ciddiləşməsi bir-birini sevən gəncləri daha çox narahat edir. Onların hər ikisi etiraf edirlər ki, başlanğıcda adi əyləncə kimi görünən davranışları artıq sevgiyə çevrilmişdir və onlar bir-birini görmədən yaşaya bilmirlər. Digər tə-rəfdən Rumların "bu köydən Türkləri kazıyacağız" deməsi Nitsanı sarsıdır:

– "Ya bir şey yaparlarsa? Ya sizi bu köydən kovarlarsa?" Bu Nitsanı yalnız sevən gənc qız kimi deyil bir insan kimi rahatsız edir.

İnsani münasibətlərin gərginləşməsində çoban Osmanla meyxana düşkünü – araşdırıçı, dişarıdan köyə atılmış Tsiro da problemə çevrilir. Ormanda Türk Osmanı öldürmək istəyən Tsiro bu niyyətini həyata keçirməklə köydə münaqişə yaratmaq, onun arxasında dayanan gizli təşkilatın (örgütün) tapşırığını yerinə yetirmək məqsədini güdür. Tsiro Osmanın "Ben zararsız çobanım. Durub dururkən beni niye öldürürsen ki" yalvarışlarına məhəl qoymur, "Türk olmaq seni öldürmək üçün yetər" ca-vabını verir. Lakin qəfildən durum dəyişir, Osman Tsironun tüfəngini kənara atıb onu baltası ilə vurub öldürür. Günahsız ölüm yeni çaxnaşma yaradır. Hadisələr sərtləşir, münasibətlər kəskinləşir. Köydə atəş səsləri hakim kəsilir. Yadlaşma kəskinləşir.

Mehmet TMT andı içdiyinə, köyün mühafizəsi üçün görəv aldığına görə məsuliyyət daşıyır, həyatın tələbi ilə oturub-durur, könül tələbi arxada qalır. Nitsa ilə görüşməsi zorlanır, bu işdən vaz keçmək istəsə də bacarmır. Köydə hamının bir araya gəlib sülh içində yaşamağının nə qədər gözəl olacağını arzulasa da artıq bunun arxada qaldığını görür. Artıq ox yaydan çıxıb və geriyə yol yoxdur.

Zaman problemləri azaltmağa, həll etməyə doğru getmir. Fərdlə toplum arasında yeni ziddiyyətlər yaradır. Fərd (Mehmet) bir tərəfdən topluma qarışır, toplumda təmsil olunur, eyni zamanda toplumda əriməyə, adiləşməyə, alətə çevrilməyə başlayır. İnsanın mənliyi məhdudlaşaraq əşyalaşmağa, maddiləşməyə doğru gedir. Düşün-cədə qərar verilir:

– "Nə olacaksa olsun, və nə olacaksa olsun. Umurumda deyil. Nitsa kanıma işlədi artıq, ona tutuldum. İstəsəm belə vaz keçəməm. Kafam vaz keçsə də, ayaklarım oraya sürükləyəcək".

Zaman fərdin qarşısında ağır sual qoyur. Bu soru çox mühüm və ağırdır:

"Bir gün Nitsa ilə yurdun, halkın, ulusun, TMT, ya da ailən arasında seçim yapmak zorunda kalarsan, nə yapacaksın?"

Fərd yol ayrıcında qalır. Cavab vermək mümkün deyil. Mehmetin də fərd olaraq içində dolaşan bu düşüncəyə cavabı aydın deyil:

"Bu sorunu kendi kendimə çox sordum… Yanıt verəmədim. Şu anda da yanıtlayamam. Nə Nitsadan vaz geçə bilirim; ne yurdumdan, halkımdan, ulusumdan, TMT-dən, ne de ailemden. Keşke hebsi bir arada olsa!"

Bir arada olmaq bütün problemləri çözərdi, hər şey yoluna qoyulardı. Amma bu mümkündürmü. Mehmet çıxış yolu arayır, bula bilmir:

"Olmayacağını biliyorum. O noktaya gelirsem ne olur? Ne yaparım. Bilmem.. Belke kendimi vurdum, olur biter".

Bununla problem çözülə bilərmi. Yox! Mehmet bütün əzablara dözməyə hazırdır. Qışda buz kimi suya girib sevgilisi ilə görüşə gedir, özünü öldürməyə belə qorxmur. Lakin məsələ iradə məsələsi deyil. Fərd artıq həlledici gücdə deyil. Onun etirazları və üsyanı qarşı tərəfə yönələ də bilmir. Çünki bir dəyişikliyə nail olacağına əmin deyil. Nitsa da eyni durumdadır. Mehmetə olan sevgisi yolunda o da ölümə getməyə hazırdır.

Artıq Kiprdə də, köydə də, sevənlərin həyatında da təhlükəli dövr başlayır. Bu təhlükə yalnız bu gün üçün deyil, sabah üçün də var. Ən qorxulusu da odur ki, bu insanlar sabahını itirməkdədirlər. Mehmet və Nitsa sabahın təmsilçiləridir. Rum-Türk qarşıdurması siyasətçiləri duya bilmədikləri sabahın ölümünə yönəltmişdir. Sabah təhlükədədir, keçmiş isə məhv edilmişdir. Bu işartı Lefkoşada işini-gücünü buraxaraq köylüləri qorumağa gələn Eti də gələcəyini təhlükə altına qoyan gəncdir, zəkalıdır, tədbirlidir və oyanıqdır. Lakin o da taleyin yaratdığı axında, axına qarşı üzməyə məcburdur. Eti də gələcəyin pozulduğunu, gözəl keçmişin isə itirildiyini aydın dərk edir. Adi məişət hadisələrində də Eti bunları görür. İskələnin əski həyatını yemək-lərini, ayranını anımsayır:

"Şişkebabı, şeftah kebabı, pidedə cigər kovurma, tava, kuşbaşı gibi. Bir də ayranını anımsadı iskələnin. Esmer bir adacığazın yaya olarak dolaqarac satdığı ayranın tadı həp damağında idi. Keçdigi yerlərdən "Ayran, ayran!" – deyə bağırırdı adam. Sat-dığı tuzlu, naneli, eksimiş ayran çox güzəldi. "Bunlar hep geçmişde kaldı" – deyə dü-şündü.

Həqiqətən də gözəl olan çox şeylər keçmişə dönür, arxada qalır, xatırlanır və unudulur. Qorxulu, kötü şeylər isə unudulmur, kin yaradır və insanları düşmən edir. Köydə silahlı saldırıcılar, terrorçuluq başlayır. Bu düşmənçilik barədə siyasi təbliğat da-vam edir. İsmayıl Bozkurd bir yazar kimi düşmənçiliyi yaradan səbəblər içərisində ideoloji təxribatlara da diqqət verir. Türklərə qarşı nifrət və kin dolu kitabları xatırlayır. Nitsanın oxuduğu kitablarda Türklər həmişə düşmən kimi göstərilirdi. "Nitsa be-lə bölümləri oxuduqca rahatsız oluyor ve Mehmeti anımsıyordu. Oxuduğu kitablara görə Türklər vəhşi, barbar insanlardı. Oysa Mehmet, vəhşi, ya da barbar deyildi, uyqar, dürüscə və içdən bir kişiliyi vardı".

Romanda insan, fərd, fərdin kişiliyi – şəxsiyyəti məsələsinə mühüm əhəmiyyət verilməsi diqqətəlayiq haldır. Personajların təsvirində, xarakteri müəyyən edən özəl xüsusiyyətlərin qabardılması şəxsiyyətin müəyyənləşdirilməsinə gətirib çıxarır. "Bəlkə bir gün" romanında Hristo, Davud, Eti, Nitsa, Mehmet kimi obrazların xarakteri səviyyəsinə yüksəlməsi də onların şəxsiyyətini müəyyən edən əlamətlərin ortaya çıxarılması ilə mümkün olmuşdur. Şəxsiyyətin bədii cəhətdən formalaşmasının mürəkkəbliyi nəzərə alınarsa bu romanda hadisə və olayların təsvirində bədii mühi-tin mövcudluğunu xüsusi qeyd etmək olar. Romandakı hadisələr xarakterlərin müəyyən-ləşdirilməsi üçün yetərli imkanlar verir. Mehmet məhz bu mühitdə yetişir, formalaşır, onun xarakteri müəyyənləşir, şəxsiyyəti təsdiq olunur.

Mehmetin şəxsiyyət kimi özəlliyini yalnız dostu Bayram deyil Eti də dərk edir. Mehmetin "Tutuldum ona. Suç işledirsem, affet" sözləri hələ sevməmiş, lakin sevginin hər şeydən yüksəkdə durduğunu dərk edən Eti içində formalaşan fikri açıqlaya bil-mir:

"Sevmək suç degil… Savaşa karşı sevgi çox gözəl" – demək qəlbi içindən, onu da diyəmədi. Ortada bir gerçək vardı. Savaşda idilər və Mehmet disipilinsizlik yapmışdı. Eti də içindəkiləri deyil, vəziyyətin müəyyənləşdirdiyi fikri ifadə etməyə məh-kumdur: "Suçlusan… bunun üçün cəzalandırılacaqsan".

Mehmet suçlandırılmağa başlayır. Onun özü də kəndi suçunu qəbul edir. Bəs "savaşa qarşı sevginin gözəlliyi" nə olur. Sadəcə gücsüz qalır, işləmir. Savaş insani olanı qəbul etmir, insani olan suç sayılır, insani olmayan "savaş" isə təqdirə olunur. Etinin "sevgi suç deyil" fikri içəridə boğulur, ifadə olunmamış qalır, daxildə qəbul olunmur. Beləliklə insanın daxili ilə zahiri arasında ziddiyyət meydana gəlir. "Sevgi suç deyil" həqiqəti ilə sevdiyin üçün "Suçlusan" yalanı arasında savaşda yalan, həqiqət olmayan üstünlük qazanır.

Mehmet vətənsevər, yurdsevər bir insan kimi andını əsas götürərək "suçluyam" deyir və özünü suçlu sayır, şəxsiyyət və insan kimi bu suçu qəbul edə bilmir. Onun su-çu məhəbbətini üstələyə bilmir. Onun sevgisi şəxsiyyətinə zənginlik gətirir və sev-gisini adilikdən çıxarır, Mehmetə ucalıq gətirir. Lakin Mehmetin ucalığı ilə uşaqlığı arasında bir hüdud yoxdur. Onu dərk etmək çətinliyi yaranır. İnsanları mənəvi dünyasından ayıran zaman öz işini görür. İnsanlar zamanın təyin etdiyi hakim dü-şün-cə-yə əsir olurlar. Savaş zamanı başqa meyar və ölçülərin işləndiyi mühitdə insanın özü-nə və daxilinə – içinə şübhəli yanaşma mənəviyyatı laxladır, sarsıdır. Siyasət mənəviyyata qalib gəlir. Mehmetə bəraət verilmir, zaman da onun əleyhinə işləyir. Kö-yün qoruyucusu, başbiləni Mehmetə bir savaşçı kimi baxır.

"Çok kötü bir iş yapdın Mehmet. Köydə çox sevilən bir gencsin. O sevgi kayb olacak. Her kes seni xorlayacaq. Daşlanacaksın. Bu zamanda bulamadın da, bir Rum kızı buldun?"

Mehmetin illərlə qazandıqları bir anda silinib gedir. Köyün ən hörmətli və sayılan gənci kimi nüfuzunu itirir. Görənlər üzlərini yana çevirir. Kütləvi psixologiyanın yanlış yönü işə düşür, fərdə münasibət anında istiqamətini dəyişir. "Yanlış yöndən də-yərləndirmə" prinsipi fəaliyyətə keçir.

Mehmet məhcub durumdadır, özünü güclü sayır. Baban küfr edir: "O menim oğlum degil, rezil etdi meni, Deli Hristo kimi bir donuzun kızı ilə" – deyərək oğlunu rədd edir. Zəhra ananın "Mehmetim, Mehmetim", bacısı Diləyin "ağabəyim, ağabəyim!" hayqırtıları faydasız qalır. Heç kəs Mehmetin sevgisinə haqq qazandırmır. Köylülərin qərarı daha ağırdır: "Böylə milliyyetçi babanın böylə oğlu", "lənət olsun!"

Babası Mehmeti dışarılayır, döyür, alnından qan fışqırır. Lakin o özünü müdafiə belə etmir. Daxilində babasına haqq verir, ağrıya dözür.

Bu münasibətlər içində yalnız kiçik bir işartı görünür. O da Diləyin münasibətidir. Yaralı, həm də evdən gedən qardaşını yola salan Dilək bütün olmuşlara baxmayaraq içdən gələn bir soru görür:

"– O kızmıydı?

– O kız idi.

– Güzel mi?

– Çok, çok güzel.

– Keşki onu göre bilseydim".

Həyatın bu qırılan anında belə onların hər ikisinin ürəyində sabaha, barışa inam duyulur: "gelecekde, bir gün belke onu göre bildin Dilekciyim".

Qarşı tərəfdə də durum eynidir, bəlkə də Türk tərəfindən daha kəskindir. EOKA liderləri Aleksi, Karayanış, polis subayı Mixail, Lefkoqayı təmsil edən Kızıyakos olan yerdə yalnız xəyanətdən, türkə qarşı savaşdan söhbət gedir. İnsani münasibətlər unudulur, hərbi planlar cızılır və onların yanlış siyasətinin parlayan çağlarında Nitsalar, onların taleyi yada düşmür. Gözünü qan tutan Hristo Türkü sevən qızına, Türkə satılmış kimi baxır. Eyni lənətlər ona da yağdırılır: "Bizi satdı! Hain! Deli Hristo kimi bir EOKA-cının qızı! Lənət olsun!"

Deli Hristo bütün deliliyi və gücü ilə Nitsaya hücum edir. Anasının harayları belə köməyinə çatmır. Nitsa Mehmetin ilk yadigarını qoynunda bəslədiyi gələcək övladını itirir. Hristo dünyaya gəlməmiş nəvəsinin qatilinə çevrilir.

Nitsa hər şeyini itirir. Lakin insani ləyaqətini itirmir. Sinəsini güllə deşən, lakin qorxu bilmədən onun görüşünə gələn Mehmeti unuda bilmir. Onun taleyini fikirləşir. Evdən qaçmaq istəyir, Türk məhəlləsinə getməyi, Mehmetdən xəbər bilməyi dü-şünür: "Tam insanlar vicdansız olamaz" fikri onun humanizmini, saflığını, insançılığını göstərir. Dərdini anasına açan Nitsa anası Mariyanın bir qadın kimi onu anlamasına ümid bəsləyir, ondan qaçmasına yardım istəyir. Tezcə də fikrindən dönür: "Ka-çamam bile, meni orada tutamazlar". Bu halda Nitsanın istədiyi nədir? Mehmeti uyarmaq, yeni fəlakətlərin qarşısını almaq. Bu söhbətdə nida kimi səslənən bir fikir vacibdir: "Tək istədiyim insanlıqdır!" Anasının bu durumdakı köməksizliyi, qorxusu Nitsaya işıq ucu vermir. Yalnız arkadaşı Niki onun dərdinə şərik olur, insanlıq naminə köməyini əsirgəmir, özünü ölümlə üz-üzə qoyur. Nitsa adi əşyaya çevrildiyini duyur və bütün insanların siyasət oyununda vasitəyə, alətə çevrilir. Nitsanın Londona göndərilməsindən başqa çarənin olmamasına Nitsanın münasibəti də başqadır. "Pa-ketlənib Londona göndərilmək" onun insanlıqdan çıxarılmasıdır. Toplumun fərdə münasibəti, bəlkə də münasibətsizliyi, yaxud fərdi görməməsi, duymaması mənəvi aşınmaya gətirir.

Mehmetin və Nitsanın durumu onlarda yalnız özlərini deyil toplumun taleyini düşünmə səviyyəsi yaradır. Mehmet çıxış yollarını düşünür:

"Əgər Kıbrısda barış olsaydı nə olurdu? Bunu da çox düşündü Mehmet. Çox fazla bir fark olmayacağı sonucuna vardı. Barış ortamında belə bir-birlərinə yabançı, bir-birlərinə uzakdı türklərlə Rumlar".

Yalnız iki etnik toplumun bir-birlərindən ayrılığıdır. Xeyir, Türk gənclərinin problemləri ondan ağırdır. Yazıçı bunu yeri gəlmişkən qeyd edir: "Türk genclerinin türk qızları ilə ilişki qurmaları belə zor. Ne yollar, ne yöntemler bulunuyor ilişki üçün. İnsan heyrət edər".

Bu baxımdan Mehmetlə Nitsanın məhəbbətlərini uğurlu saymaq olar. Lakin adadakı durum və etnik savaş bu sevgini uğursuzluğa aparır və çıxış yollarını daha da qapayır. Mehmet bütün yönləri və yolları araşdırır və belə bir sonuca varır: "Savaş ol-masa belə Nitsa ilə birləşmələri çok zor, hatta olanaqsız kimi idi. Bəlkə köyün dışında… başqa bir yerdə… bəlkə Londonda…" Fəqət başqa yerə ümid bəsləməyin də zor olduğu anlaşılır. Babasına övladının qatili kimi baxan Nitsanın öcünü Mehmet alır. Mehmet Hristonu öldürür. Lakin yalnız baba qatili kimi deyil, ədalətə, savaşa səbəb olan bir vasitə kimi. Mehmetin başqa bir yolu yoxmuydu. O bəlkə bununla türk arkadaşlarının hörmətini qazana biləcək, bəlkə ona olan inam əvvəlki halına gələ-cək. Xeyr, Mehmet də bu düşüncədə deyil. Onun bu hərəkəti hansısa qəti qərardan faydalanmır, hadisələrin qeyri-ixtiyari gedişi bu sonuca gətirir.

Mehmetin yolları daha da bağlanır. Çözüm yolu yoxdur. Adadakı ingilislər, hökumət qurumları, köyün sayılan, seçilən adamları bu işdə bir yol bulacaq deyillər. İnsan taleyi ilə təkbətək baş-başa qalır. İnsan fərd olaraq toplumdan ayrılır, toplum fər-də biganə qalır, toplum düşüncə axına qarşı üzə bilmir, qeyri-ixtiyari hadisələrin axınına yuvarlanır. Mehmetin sevgisinə ürəklərində haqq verən Eti də, Ərtoğrul da bir iş həll edəcək, Mehmetə yardım edəcək durumda deyillər. Nitsanın son sözləri ibrət-vericidir, bir sevənin yalnız Mehmetə deyil, bütün insanlara müraciətidir.

"Canım sevgilim, Sana doyamadım. Sen de bana doyamadın, bilirim. Ne yazık ki, halklarımız arasındakı duşmanlık, kan və hayvansal öc alma duyğusu bizi ayırıyor".

Romanın bütövlükdə ideyasını açıqlayan bu sözlər çağdaş sivilizasiyanın faciəsini açıqlayan faciəni ifadə edir. Dünya hələ yetkinlik həddinə çatmayıb, millətlər müdriklik ifadə etməkdə gücsüzdürlər, Qanunlar insana öz haqqını verməkdə acizdirlər, Atalar və analar övladlarını sevindirəcək, xoşbəxt edəcək durumda deyillər, övladlar öz talelərini həll etmək imkanlarından məhrumdurlar.

İsmayıl Bozkurdun təsvir etdiyi insanların taleyi bu acıları bizə anladır və çağdaş dünyaya bir ittiham etkisi buraxır və insanları daha dərindən düşünüb-daşınmağa vadar edir.

Copyright © 2002-2003 WebStar - www.onerjurnali.tk - cahidbdu@yahoo.com
Hosted by uCoz