ONER jurnali
ONER-jurnali
 

İsmayıl Vəli Öməroğlu

KİTABÇILIQ İŞİNİN SOSİAL PROBLEMLƏRİ

Ziya Abdullayev, pedoqoji elmlər namizədi.

Kitab ictimai sərvətdir. Yüz illərdir ki, o, başlıca bilik, məlumat mənbəyidir. Doğrudur, son 25-30 ildə bu cür mənbələr artmışdır. Elmin, texnikanın inkişafı ilə əlaqədar əvvəlcə kino, daha sonra radio, televiziya bu sahədə kitabla bir növ rəqabətə girmişdir. Hazırda bu rəqabət daha da genişlənmişdir. Xüsusilə kompüter texnologiyasının inkişafı əlavə informasiya mənbələrinin şəbəkəsini xeyli genişləndirmişdir. Bütün bunlara baxmayaraq, kitab əsas bilik, məlumat mənbəyi olaraq qalmaqdadır. Əhalinin bir sıra kateqoriyaları, xüsusilə uşaqlar və gənclər, eləcə də elm adamları, ziyalılar kitabla daha çox təmasda olurlar.

Kitaba tələbatın xarakteri və miqyası necədir? Bu tələbatın haradan doğduğunu, onun həcmini necə müəyyənləşdirmək olar? Hansı kitaba tələbat var? Tələbatı ödəmək üçün nə etmək lazımdır? Əhalinin alıcılıq qabiliyyəti necədir? Gələcəkdə kitaba olan tələbatı necə proqnozlaşdırmaq olar? Gələcəkdə bu tələbatı ödəmək üçün indidən hansı işləri görmək lazımdır? Bu gün sovet dövründə vərdiş etdiyimiz tərzdə planlaşdırma yoxdur. İndi bazar iqtisadiyyatı, bazar tələbatı var. Amma bu, heç də kor-koranə istehsal demək deyil. Burada hər şeyi elmi əsaslarla müəyyənləşdirmək, qürmaq, çeviklik, uzaqgörənlik tələb olunur.

Bütün bunlar üçün dəqiq, geniş və hərtərəfli sosioloji araşdırmalar aparmağa ehtiyac duyulur. O cümlədən, statistik təhlil, müntəzəm müşahidələr, anket sorğuları və s. mövcud vəziyyəti öyrənmək, fəaliyyəti qurmaq, gələcəyi proqnozlaşdırmaq üçün zəruri imkanlar yaradır.

Kitabçılıq işində sosioloji araşdırmalar o zaman daha səmərəli olur ki, o, təkcə faktları toplamaq və sistemləşdirməklə məşğul olmur, həm də tədqiqat aparılan istiqamətdə daxili qanunauyğunluqları, onun gələcək perspektivlərini, bu hadisə və faktların başqa obyektiv ənənlərlə bağlılığını və ictimai inkişafa təsir göstərən qanunauyğunluqları müəyyənləşdirməyə kömək edir.

Hər şeydən əvvəl, bu tədqiqatlara kompleks şəkildə yanaşmaq, ayrı-ayrı hadisə və faktları ümumiləşdirmək lazımdır. Bundan başqa, kitabçılıq işində baş verən proses və hadisələr obyektiv və subyektiv faktorlar fonunda öyrənilməlidir (şərait, tələbat, imkan, insanların mənəvi sərvətlərə — elmə, biliyə, əxlaqa, mədəniyyətə münasibəti, cəmiyyətin inkişafının başlıca istiqamətləri və s.).

Müasir oxucunun sosial strukturu çox mürəkkəbdir. Əgər 20-ci əsrin 90-cı illərinədək bu struktur, əsasən, 3 təbəqədən ibarət idisə (fəhlələr, kəndlilər, ziyalılar), siyasi sistemin dəyişməsi ilə hazırda əvvəlki sosial təbəqələrlə yanaşı, tamamilə yeni sosial qüvvələr də meydana çıxmışdır. Kitab nəşrinin düzgün planlaşdırılmasında cəmiyyətinin strukturunun öyrənilməsinin çox böyük əhəmiyyəti var. Bunun üçün elmi cəhətdən əsaslı, obyektiv sosial məlumatlar əldə etmək tələb olunur. Sosial məlumat insanların həyat fəaliyyətlərinin mövcud şəraitinin və formalarının, habelə onların maddi və mənəvi tələbatlarının (özü də gələcək inkişaf perspektivləri də nəzərə alınmaqla) öyrənilməsidir. Məsələn, sosial məlumatda insanların əmək fəaliyyəti, bu fəaliyyətin maddi, elmi, texniki, iqtisadi tərəfləri nəzərə alınmalıdır.

Sosial tədqiqatların planlaşdırılması və aparılması həm əhalinin kitaba olan tələbatını müəyyənləşdirməyə və kitab bazarını bu tələbata uyğun qurmağa, habelə nəşriyyat fəaliyyətinin iqtisadi cəhətdən effektliliyini təmin etməyə imkan yaradır.

Xalqın psixologiyasını onun həyat tərzi müəyyənləşdirir. Həyat tərzi bir tərəfdən insanların təbiətə praktik münasibətlərini, elmi cəhətdən silahlanmanın dərəcəsini, onların əmək məhsuldarlığını, istehsal qüvvələrinin vəziyyətini və bunlara görə də tələbatın, istehsal münasibətlərinin xarakterini, cəmiyyətin iqtisadi quruluşunu və s. müəyyən edir.

Cəmiyyətin sosial psixologiyasının onun sosial strukturu müəyyənləşdirir. Son illərdə fəhlə, kəndli, ziyalı təbəqəsi ilə yanaşı ticarət, biznes sahəsi ilə məşğul olan geniş sayda insanlar da meydana çıxmışdır.

Kitab nəşrinin planlaşdırılması və istehsalı zamanı cəmiyyətin sosial-peşə tərkibi, milli və etnik qrupların psixoloji xüsusiyyətləri, onların tələbat və meylləri lazımınca öyrənilməlidir.

Sosial tələbatın mövcudluğu heç də real alıcı potensialının mövcudluğu demək deyil və kitabın müvəffəqiyyətlə satılacağına təminat vermir. Hətta oxucu kontingentinin sayı dəqiq məlum olan dərsliklərin belə, real alıcısının sayı qeyri-müəyyəndir və faktlar göstərir ki, bu, şagird və tələbələrin sayından xeyli azdır. Əgər 15-20 il bundan əvvəl ali məktəb dərsliklərinin tirajı orta hesabla 3-5 min nüsxə idisə, indi bu rəqəm nadir hallarda 500 nüsxəni keçir. Halbuki həmin dövrlə müqayisədə tələbələrin sayı az qala iki dəfə artmışdır.

Ötən əsrin 80-ci illərində Azərbaycanda adambaşına (yaşlı əhali nəzərdə tutulur) kitab satışı 13-14 nüsxə təşkil edirdi. Bu gün üçün dəqiq statistik məlumat olmasa belə, buraxılan kitabların sayına və tirajına əsasən demək olar ki, bu, heç bir nüsxə də təşkil eləmir.

Başqa bir misal. Görkəmli yazıçı Ç.Abdullayevin əsərləri bir sıra xarici ölkələrdə 50-100 min nüsxə ilə çıxır. Səkkiz milyon əhalisi olan Azərbaycanda isə 500 nüsxə tirajla.

Tədqiqatlar göstərir ki, istər dərsliklərə, istərsə də Ç.Abdullayevin timsalında bədii əsərlərə, eləcə də bir çox digər kitablara obyektiv tələbat real satışdan qat-qat yüksəkdir. Odur ki, tiraj müəyyənləşdirilərkən əhalinin həm şüurlu tələbatını, həm də alıcılıq qabiliyyətini nəzərə almaq lazımdır.

Bir vaxtlar kitab bəziləri üçün ictimai rəy yaratmaq vasitəsi də olub. Evlərdə, xüsusilə kabinetlərdə bahalı rəflərdə cild-cild kitablar qoyulurdu. Çoxlarının bu rəflər fonunda fotoşəkil çəkdirməsi, yaxud televiziya verilişləri təşkil etməsi özünü — reklam xarakteri daşıyırdı. Bu, XX əsrin ortalarında, hətta son onilliklərində də bəzən nəzərə çarpırdı və sahibinə prestij yaratmaq üçün lazım idi. Artıq bu gün kitab prestij yaratmaq vasitəsi deyil. Onu bahalı maşınlar, dəbdəbəli villalar, mobil telefonlar əvəz etmişdir. Lakin kitaba obyektiv tələbat güclüdür və bu tələbat müəyyən eyforiya mərhələsi başa çatdıqdan, müasir və eləcə də gələcək inkişafın real perspektivləri tam şüurlu dərk olunduqdan sonra daha da genişlənəcəkdir. Bu hansı istiqamətdə, hansı tərzdə, hansı ölçüdə olacaqdır, bax, bunu sosial araşdırmalar vasitəsilə müəyyənləşdirmək və fəaliyyəti bu zəmin üzərində qurmaq zərurəti meydana çıxır.

Bu gün bizdə kitab reklamı demək olar ki, yox dərəcəsindədr. Bəzi televiziya kanallarında, qəzet və jurnallarda yeni kitablara dair informasiyalar əksər hallarda reklam, kommersiya məqsədi yox, adicə məlumat vermək məqsədi daşıyır. Çünki qarşıya alıcı-oxucu tapmaq vəzifəsi qoyulmamışdır. Həmin nəşrlər sponsorlar tərəfindən maliyyələşdirilir və məhdud oxucu kütləsi üçün (əgər doğrudan da oxucusu varsa) nəzərdə tutulur. Kütləvi informasiya vasitələrində adi diş pastası, yaxud fırçasının, Şollar suyunun reklamı kitab reklamından qat-qat güclüdür. Məgər kitaba ehtiyac onlardan azdırmı? Yox, az deyil. Amma təəssüflər ki, kitab reklamımız onlardan çox-çox aşağı səviyyədədəir.

Kitab, çox zaman deyildiyi kimi, təkcə mənəvi sərvət deyil. O, həm də mənəvi sərvətin özünün yaranmasına, inkişafına, formalaşmasına güclü təkan verə biləcək vasitədir. Kitab maddi nemətlərin də yaranmasında az rol oynamır. Odur ki, kitabçılıq işinə ağılla, şüurla yanaşmaq, həm də ona xalqın bu günü, həm də gələcəyi prizmasından baxmaq lazımdır.

Copyright © 2002-2003 WebStar - www.onerjurnali.tk - cahidbdu@yahoo.com
Hosted by uCoz