İsmayıl Vəli Öməroğlu |
Məlum
olduğu kimi orta əsr müsəlman əlyazma
kitabı mədəniyyətinin əsas atributu
kağız olmuşdur. Məhz buna görə
də kağızın ilk dəfə olaraq
harada və kim tərəfindən istehsal olunması
haqqında məlumat vermək yerinə düşər.
Geniş yayılmış məlumata görə
bambuk və tut ağacından kağız istehsalının
texnologiyası eramızın 105-ci ilində Çində
Tsay Lun tərəfindən icad edilmişdir. Lakin
1978-ci ildə Çində aparılmış
arxeoloji qazıntılar zamanı yaşı
2000 ildən artıq olan kağız qırıqları
tapılmışdır (1, səh. 3). Onların
laboratoriya tədqiqatı göçstərmişdir
ki, bu kağız Tsay Lundan 150 il qabaq, həm də
bambukdan deyil, çətənə bitkisindən
hazırlanmışdır. Sonra kağız
ərazicə Çinə yaxın olan Orta Asiyaya
yayılmış, ilk dəfə Səmərqənddə
istehsal edilməyə başlanılmışdır.
VII əsrdə Orta Asiyaya gələn ərəblər
burada kağızdan istifadə olunduğunu görmüş,
751-ci ildə kağızın hazırlanma
üsulunu öyrənərək Suriya və
Misirdə kağız istehsal etməyə başlamışlar
(1, səh. 3) Kağız ərəblərdən
Avropaya iki istiqamətdə: 1) Mərakeşdən
İspaniyaya, oradan da Fransaya; 2) Misirdən İtaliyaya,
oradan da Almaniyaya keçmişdir. Avropada ilk kağız
istehsalı 1151-ci ildə İspaniyada və 1276-cı
ildə İtaliyada həyata keçirilib (1, səh.3).
Tarixi faktlar Azərbaycan ərazisində, ilk növbədə
Təbrizdə də kağız istehsal olunduğunu
göstərir və bu kağızdan insanın
yazı fəaliyyətində istifadə edilib.
Tədqiqatçılar ümumiyyətlə
əlyazmalarda işlədilmiş Şərq
kağızının hazırlandığı
yerin müəyyənləşdirilməsinin
xeyli çətin olduğunu etiraf edirlər. Qeyd etmək lazımdır ki, Şərq və Qərb kağızlarının qalınlıq, codluq, bozluq və s. əlamətlərə görə fərqlənən xüsusiyyətləri vardır. Lakin onların içində diqqəti cəlb edən ən əsas xüsusiyyət Qərb kağızlarında filiqranın (su nişanları) mövcudluğu, Şərq kağızlarında isə onların olmamısıdır. Filiqran latın sözü olub, nazik məftildən hazırlanmış forma deməkdir. İlk dəfə 1282-ci ildə İtaliyanın Fabriano şəhərində buraxılmış kağızda istifadə olunmuşdur (2, səh.198). Kağızda təsviri verilən ilk filiqran xaç şəkli olmuşdur. Filiqran kağızın harada və hansı müəssisədə istehsal olunduğunu bildirən başlıca əlamətdir. Məhz buna görə də XIX əsrdən başlayaraq, arxivçi, sənətşünas, kitabşünas alimlər kağızı işığa tutarkən görülə bilən nişanlarla maraqlanmağa başlamışlar. İlk filiqran sadəcə xaç şəkli olmuş, daha sonralar isə gül, öküz başı, tərəzi, dairə içərisində hərf və s. şəklində verilmişdir. Mütəxəsisslərin tədqiqatları nəticəsində Avropa kitablarında ümumiyyətlə 4000-dən artıq filiqran aşkar edilmişdir. Filiqranlar kağız istehsal edən fabriki, kağızın növünü və dəyərini göstərmək, həmçinin ticarət markasını qəlp kağız istehsalından qorumaq üçün işlədilirdi. Filiqran kağızları bir-birindən fərqləndirən nişan olduğu üçün tarixi olmayan əlyazma kitablarının tədqiqində tarixi olan filiqranlı əlyazma kağızından bir növ açar kimi də istifadə olunur. Filiqranların istehsal üsulu isə aşağıdakı kimi olmuşdur. Filiqran düzəltmək üçün adicə məftil müvafiq naxış və fiqur şəklində qatlanıb kağız istehsal edən şəbəkəyə qoşulur, bununla hələ nəm olan kağız kütləsində quruyandan sonra işığa tutanda görünəcək izlər buraxılırdı. Filiqranlar emblem və literli (hərflə işarə olunmuş) olmasına görə iki yerə bölünür. Quruluşca isə sadə və ya mürəkkəb olur. Sadə yalnız bir bəsit emblem və ya ancaq liter, mürəkkəb isə təsviri emblem və ya literli emblemli olur (1, səh.4). Əvvəllər filiqranlar sadə olmuş, sonralar mürəkkəbləşmişdir. XVI əsrdən sonra bir çoxu özünəməxsus rəsm forması almışdır. Filiqranlar dəyişməz qalmırdı, bir neçə ildən sonra onlar ilkin cizgilərini itirir və deformasiyaya uğrayırdılar. Ümumiyyətlə, kitabların vərəqlərində filiqranlara beş vəziyyətdə rast gəlmək olurdu: 1. Adi vəziyyətdə filiqran yuxarıdan aşağıya kitabın kaptal hissəsinə paralel yerləşir. 2. Filiqran tərsinə, aşağıdan yuxarıya "kəlləsi üstə" yerləşir. 3. Kitabın kaptal hissəsinə dayaqlanıb "sağa yıxılmış" vəziyyətdə yerləşir. 4. Əksinə "kaptala nisbətdə sola yıxılmış" vəziyyətdə. 5. Bir parçası eyni kağızın kitabın tikişindən (kaptalından) sağda qalmış hissəsində, ikinci parçası isə tikişdən solda qalmış hissəsində (ortadan tikilmiş şəkildə) rast gəlinir. Adətən filiqranlar əlyazma kitabının büküyünə düşür. Odur ki, vərəqi işığa tutub baxarkən onu yarımçıq vəziyyətdə görürük. Qalan hissə isə vərəqin ardı olan o biri hissədə olur. Bunun səbəbi isə kağızın hansı müəssisədə istehsal edilməsinin, kimə məxsus olmasının qorunub saxlanması ilə izah olunur. Çünki kitabın ən çox vərəqlərinin kənarları cırılıb korlandığı üçün filiqran orta hissəyə salınırdı ki, kağızın istehsalçısını, yerini müəyyən etmək mümkün olsun. XIII əsrdən başlayaraq XIX əsrin sonunadək filiqranlardan kağızları bir-birindən fərqləndirici nişan kimi istifadə etmişlər. Tarixi olan filiqranlardan isə istifadə olunması son dövrlərə XVIII-XIX əsrlərə aiddir və bunu əsasən Rusiya kağızında görmək olar. Həmçinin filiqranlara görə kağızın hansı ölkədə istehsal olunduğunu da müəyyənləşdirmək mümkündür. Qeyd etdiyimiz kimi, 1282-ci ildə Fabrionada ilk filiqranlı kağız buraxılmasından sonra digər Avropa ölkələri də istehsal etdikləri kağızın fərqlənməsi üçün filiqran nişanları seçmişlər. Bunların bəzisi bir-birinə oxşamışdır. Çoxunun konkret hansı ölkəyə, şəhərə aid olmasını etməsini müəyyən etmək mümkündür. "Amsterdam" (Hollandiya), "Pro Partia" (Azad Niderland Respublikasının gerbi), "Strasburq suzanbağı" (Fransa), "The Lune" (Venesiya) və s. filiqranlar diqqəti cəlb edir. XVII-XVIII əsrlərdə bir çox şəhərlər, o cümlədən Genuya kağız istehsal edən mühüm mərkəzlərdən biri olub. Onun kağızlarında əsasən üst-üstə düşən və üst-üstə çəkilmiş dairə üzərində tac və xaç təsviri olan filiqranlar olmuşdur (2, səh.202). Bundan əlavə, bayquş şəkilli filirqanları kağızlar İtaliya, donuz şəkilli filiqranları Almaniya, xoruz, it, qalxan formasında gerbin üzərində su zanbağını Fransa kağızlarında görmək olar. Azərbaycana gəldikdə isə qeyd etmək lazımdır ki, XV əsrdən başlayaraq Avropa və Azərbaycan arasında yaranan həm iqtisadi, həm də mədəni əlaqələr əsrlər boyu davam etmiş, ticarət yollarının ərazimizdən keçməsilə əlaqədar olaraq Avropa istehsalı olan müxtəlif növlü filiqranlı kağızlar ölkəmizə gətirilmiş və geniş şəkildə istifadə olunmuşdur. Bununla əlaqədar olaraq Azərbaycan əlyazma kitabları arasında İtaliya, Fransa, Hollandiya və Avstriyaya məxsus kağızları görmək mümkündür. Azərbaycan alimləri yazırlar ki, Azərbaycan əlyazmalarında işlədilən Avropa kağızları ilə həmin əlyazmaların yazıldığı tarix arasında bir neçə il (bəzən hətta yüz il) fərq vardır. Ümumiyyətlə isə müşahidələr Azərbaycan əlyazmalarındakı filiqranların aşağıdakı xüsusiyyətlərini qeyd etməyə imkan verir: 1. "Qurani-Kərim" nüsxələrində filiqranlara rast gəlmək çətindir. Bu onu göstərir ki, tarixən xristian aləmində meydana çıxmış filiqranlar çox vaxt xaçlarla bəzədildiyindən Şərqdə "Quran"ı köçürərkən "kafir əli dəyməmiş" şərq kağızına üstünlük verilib. 2. Qərb filoloqları qeyd edirdilər ki, əlyazma kitabları yaradılarkən usta-mütəxəssislər kağızdakı filirqanları vərəqin kənarına salmağa çalışırdılar. Faktlar göstərir ki, Azərbaycanda buna riayət edilməyib. Belə ki, filirqanların həm kağızın qırağına, həm də düz ortasına düşməsi halları müşahidə olunur. XVII əsrdə köçürülmüş və Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılan, üzərində müşahidə aparılan 32 əlyazma kitabının 25-də müxtəlif təsvirli filiqranları görmək olar. 7 əlyazma kitabının kağızında isə heç bir filiqran yoxdur. Deyildiyi kimi, bu cür kağızlar Şərq kağızı hesab olunur. Ümumiyyətlə qeyd etmək lazımdır ki, əlyazma kitablarında bir, iki və daha artıq filiqran öz əksini tapa bilir. Məsələn, B-3591 şifrli əlyazmada (məcmuə) 3 aypara (Tre lune), B-1506 şifrli əlyazmada (Qəhrəmannamə) 2 dairə üzərində xaç təsvir olunub. Bu əlyazmalarda yalnız bir şəkildə olan filiqranlar öz əksini tapıb və hər birinin kağızı ayrı-ayrı kağız müəssisələrinin məhsuludur. Elə əlyazma var ki, kağızında iki və daha artıq təsvirli filiqran görmək olar. B-120 şifrli əlyazmada (Füzuli Divan.) 3 şəkildə olan emblem xarakterli filiqran: birinci emblemın ortasında "H" hərfi və altı guşəli ulduz; ikincinin ortasında insan üzünün təsviri olan çoxguşəli ulduz; üçüncü altı guşəli ulduz. Bu əlyazmada "BOZANO" və "jOSERN" yazılmış literli filiqranlar da var. Hər bir kağız istehsal edən müəssisənin bir-birindən fərqli xüsusi nişanlı filiqranı olmuşdur. Yəni iki və ya daha artıq filiqran təsvir olunmuş əlyazma kitablarını tərtib edərkən katiblər kitab üçün bir neçə müəssisədə istehsal olunan kağızdan istifadə etmişlər. Ola bilsin ki, kağız illərlə ya istehsalçıda, ya da onu alanda istifadəsiz qala bilər, yəni onları eyniləşdirmək düzgün deyil. Əlyazma kitabına köçürülmüş mətnin tarixi kağızın istifadə olunduğu vaxtdan hesablanmalıdır. Kağızın isçtehsalı ilə istifadəsi arasındakı vaxt barədə fikirlərdə müxtəlifdir. Məsələn, V.Nikolayev 30 ildən yuxarı olmadığını, L.İ.Kiselyova isə 20 ilə qədər olduğunu qeyd edir. Qəti fikir söyləmək mümkün deyil. Əlyazma kitablarının kağızında xaç və avropalılara xas olan rəmzlərdən başqa ay, ulduz filiqranlarına da tez-tez rast gəlinir. Vaxtilə belə filiqranlı kağızlar əsasən Osmanlı imperiyası ərazisində istifadə olunmuşdur. Şərq xalqlarına xas rəmzli filiqranlara Avropa ölkələrindən İtaliyada Venesiyanın "The lune" kağız müəssisəsində istehsal olunmuş kağızlarda rast gəlinir. Burada kağız Türkiyə üçün hazırlandığından ondakı filiqranlar da şərq-müsəlman xalqlarına aid olurdu. |
Copyright © 2002-2003
WebStar - www.onerjurnali.tk - cahidbdu@yahoo.com
|