ONER jurnali
ONER-jurnali
 

İsmayıl Vəli Öməroğlu

TALEH HƏMID 

ANLAR

Ömrümü illə yox, anla sayıram,

Gözləsəm illəri səbrim daşar.

Toran sabahımın qulağı səsdə,

Hər gələn sabahda neçə an yaşar.

Anlar haray çəkib, qapımı döyüb,

Ömrümün içində ömür bitirir.

Axşamlar, sabahlar xoş gördük deyib,

Gah sevinc gətirir, gah qəm gətirir.

Hərdən zil səslənir, hərdən də pəsdə,

Bir an var qayğısı bir ildən ağır.

Anlar bulud olub başımın üstdə

Qəfil şaqqıldayır, qəfildən yağır.

Bir ada min sevinc, bir anda min qəm,

Birində baharam, birində qışam.

Ömrümü illə yox, anla sayıram,

Bəlkə də bu yaşla min yaşamışam.

YORĞUNAM, YORĞUN

Yüz ilin yorğunu yaxşıdır məndən,

Başımın dumanı başıma sığmır.

Mənim buludlarım içimlə birdi,

Mənim buludlarım içimə yağmır.

 

Yağmır dərdin alım, yağmır buludum,

İçimdə şimşəklər baş alıb gedir.

Burda ürəyimin su yanğısı var,

Orda göz yaşlarım boşalıb gedir.

Qəmim əliaçıq, dəmim xəsisdi,

Dərd var dönüb-dönüb əlimi sıxır.

Ömrümün payızı dumandı, sisdi,

Ömrümün baharı yadımnan çıxır.

Bir üzüm şaxtadı, bir üzüm sazaq,

Qılınc-qın olmuşuq sıyrılanmırıq.

Çiçəkli dəmlərim, düşdünüz uzaq,

Xəzanlı çağlarım, ayrılanmırıq.

İçim dərd yığnağı, ay, dərdin alım,

Bilirəm gərəkdir sualın, sorğun.

Yüz dəfə deyirsən, necədir halın?

Nə deyim, beləcə yorğunam, yorğun.

Copyright © 2002-2003 WebStar - www.onerjurnali.tk - cahidbdu@yahoo.com
Hosted by uCoz