ONER jurnali
ONER-jurnali
 

İsmayıl Vəli Öməroğlu

MİRZƏ KAZIMBƏY VƏ AVROPA ŞƏRQŞÜNASLIQ ELMİ

Kamil Muxtarov, tarix elmləri namizədi.

Bu il anadan olmasının 200 illiyi qeyd olunan Mirzə Kazımbəyin (1802-1870) hələ gənc yaşlarından görkəmli şərqşünas, Rusiyada şərqşünaslıq elminin yaradıcıdarından biri, filoloq, islam tarixinin misilsiz bilicisi, məşhur tarixçi, filosof, etnoqraf kimi böyük şöhrət qazanması, heç şübhəsiz, Avropa alimlərinin nəzərindən qaçmamış, görünür elə bu səbəbdən də onun yaradıcılığı alimin bütün şüurlu həyatı boyu diqqətlə izlənilmiş, öyrənilmiş və yüksək qiymətini almışdır. Qeyri-adi fitri istedadı, 12 yaşında ikən fars və ərəb dillərini mükəmməl bilməsi, zəngin məlumatlılığı və biliyi sayəsində 17 yaşında özünün ilk elmi əsərini — "Ərəb dilinin qısa qrammatikası"nı yazmış gənc şərqşünas alim taleyin hökmü ilə 1823-cü ildə Həştərxanda şotlandiyalı missionerlərin — Makferson və Qlenin vasitəsilə xristianlığı qəbul etdtkdən və qısa müddətdə onlardan ingilis, fransız, alman dillərini və Qərb ədəbiyyatını öyrənməyə, bu dillərdə yazıb-yaratmağa başladıqdan sonra onun İngiltərəyə aparılması məsələsi hələ 20-ci illərin birinci yarısında gündəmə gəlmişdi. Təsadüfi deyildir ki, Qafqaz canişini general Yermolov 1824-cü il oktyabrın 28-də Rusiya Xarici İşlər Naziri Nesselroda məlumatında göstərirdi ki, Mirzə Kazımbəyin bundan sonra Həştərxanda qalması Rusiyanın ümumi siyasəti və təhlükəsizliyi üçün təhlükəli və zərərlidir. Buna görə də o, Peterburqa gələn kimi, arxasınca nəzarət qoymaq və onun ingilislərlə əlaqələrinə yol verməmək, xüsusilə də onu İngiltərəyə getmək üçün hər hansı imkandan məhrum etmək və sürgünə göndərmək lazımdır. Çar generalının bu tələbi yerinə yetirilmiş və Mirzə Kazımbəy Sibirə — Omek şəhərinə sürgün edilmişdi; lakin yolda xəstələnərək Kazanda saxlanılmış, bir qədər sonra isə Musin-Puşkin və bir neçə rus aliminin köməyilə əvvəlcə Kazan Şərqişünaslar Cəmiyyətinə gətirilmiş, 1826-cı il oktyabrın 31-dən isə Kazan universitetinə Şərq ədəbiyyatı və türk dili mühazirəçisi təsdiq olunmuşdu. Beləliklə, Mirzə Kazımbəyin İngiltərəyə getməsi imkanı yox olmuş və yalnız bir çox illər sonra — 1836-cı ildə bir ingilis jurnalında (Chiristian —Keepsake) etiraf edildiyi kimi "bu gənc maraqlı insana missionerlərin ümidləri yoxa çıxmışdı".

Deməli, 1824-cü ildən 1836-cı ilədək belə ümidlər və cəhdlər olmuşdu.

Mirzə Kazımbəy Kazan universitetində işlərkən təkcə Rusiya elm aləmində deyil, həm də onun hüdudlarından kənarda nüfuzlu alim kimi tanınmışdı. Britaniya Kral Asiya Cəmiyyəti onun görkəmli elmi xidmətlərini nəzərə alaraq M.Kazımbəyi hələ 1829-cu il yanvarın 14-də cəmiyyətin həqiqi üzvü seçmişdi.

Mirzə Kazımbəyin elmi əsərləri xaricdə sürətlə yayılırdı. Onun 1836-cı ildə Kazan universitetinin "Elmi əsərlər"ində dərc olunmuş "1660-cı ildə Krım tatarlarının Həştərxanı tutması haqqında" əsəri fransız dilinə tərcümə edilmiş və 1855-ci ildə fransız jurnallarından birində çap olunmuşdu.

Mirzə Kazımbəyin 1839-cu ildə Kazanda çap olunmuş "Türk-tatar dilinin qrammatikası" əsəri müəllifinə dünya şöhrəti gətirmişdi. Təsadüfi deyildi ki, bu qrammatikanın 1846-cı ildə "Türk-tatar dilinin ümumi qrammatikası" adı altında çap olunmuş təkrar nəşri Demidov mükafatına layiq görülmüşdü (bü mükafat 1832-1864-cü illərdə Rusiya EA tərəfindən müxtəlif elm sahələri nümayəndələrinə verilirdi. Kazımbəy üç dəfə bü mükafata layiq görülmüşdü — K.M.). Əvəzsiz və dəyişilməz tədris vəsaiti olan bu əsər 1848-ci ildə alman alimi Senker tərəfindən alman dilinə tərcümə olunaraq Leypsiqdə nəşr olunmuş və Avropada fəxri yer tutmuşdu. Maraqlıdır ki, əsərdə Mirzə Kazımbəy "Azərbaycan dili" terminini ilk dəfə olaraq elmi surətdə əsaslandırmış və "Azerbican" formasında elmi dövrəyə daxil etmişdi.

M.Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası" əsəri təkcə Rusiyanın tədris müəssisələrində dərs vəsaiti olmamışdı və rus tədqiqatçısı N.A.Mazitovanın qeyd etdiyi kimi, "bir neçə onilliklər boyu alman və bir çox Avropa universitetlərinin tələbələri türk və tatar kafedrasının professoru A.K.Kazımbəyin yaratdığı dərs vəsaitindən öyrənmişdilər".

Pusiyada və Avropada türkologiyanın inkişafında M.Kazımbəyin xüsusi xidmətləri ayrıca qeyd oluna bilər. M.Kazımbəyin Kazan universitetində işlədiyi dövrdə (1826-1849) təşəkkül tapmış türkoloqlar məktəbi həm Rusiyada, həm də Avropada bu elm sahəsini öyrənən əsas elmi mərkəz olmuşdur. Məhz bu dövrdə türk-tatar dili kafedrası əməkdaşlarının yaratdıqları dərs vəsaitləri və elmi əsərlər xarici dillərə daha çox tərcümə olunurdu. Tədris olunan fənnlərin mühazirələrinin kataloqları hər il İsveçə, Danimarkaya, Fransaya, Almaniyaya, İngiltərəyə, Portuqaliyaya və başqa ölkələrə göndərilirdi (Mazitova N.A Voprosı istorioqrafii vseobhey istorii", vıp.I, Kazan, 1968, st.42).

Artıq 1840-cı ildə M.Kazımbəy İngiltərədə ən çox tanınan və məşhur olan alimlərdən biri idi. Görkəmli ingilis alim-səyahətçisi E.Turnerelli Peterburqdan Kazanadək səyahəti zamanı M.Kazımbəylə görüşü barədə belə yazmışdır: "Uzun sürən və yorucu səyahət zamanı mən Mirzə Kazımbəylə — İngiltərədə onun barəsində çıxan çoxlü məlumatlarla yaxşı tanınan insanla, görüşməyə nail oldum. O, ingiliscə mükəmməl danışırdı, ağıllı və təsirli söhbəti ağır səyahətdən sonra yorğun ruhumun canlanmasına səbəb oldu".

M.Kazımbəyin 12 ildən artıq üzərində araşdırmalar apardığı "Dərbəndnamə" əsəri də ona böyük şöhrət gətirmişdir. 1851-ci ilin sentyabrında kitab ingilis dilində çapdan çıxdıqdan az sonra M.Kazımbəy Britaniya kraliçasının qızıl medalına layiq görülmüşdü.

M.Kazımbəyin adı Fransada da böyük ehtiramla çəkilirdi. Bu ölkədə 1843-cü ildə M.Kazımbəyin "Qurandan bəzi fəsillərin təfsiri haqqında", 1850-ci ildə “Ortodoqsal təriqətlər arasında müsəlman hüquqşünaslığı hərəkatının tərəqqisi haqqında" kitabları çapdan çıxmışdır. Hər iki kitabı fransız dilində çapa məşhur fransız alimi, M.Kazımbəylə dostluq əlaqələri saxlayan Qarsen de Tassi hazırlamışdır. 1866-cı ildə isə Parisdə fransız dilində "Bab və babilər" əsəri çap olunmuşdur. Kitab barədə fransız mətbuatında çıxmış məqalələrdə əsərə yüksək qiymət verilmişdir.

Parisdəki Asiya cəmiyyəti M.Kazımbəyin elmi əsərlərini yüksək qimətləndirərək 1850-ci il aprelin 13-də onu bu cəmiyyətin ordinar (ştatlı) üzvü seçmişdi.

M.Kazımbəyin əsərlərinə alman alimləri də heyran qalırdılar. Görkəmli alimin şərqişünaslıq məsələlərinə dair "Yeddi planetin tarixi" və "Məhəmmədiyyə" əsərləri bu ölkədə xüsusilə yüksək qiymətləndirilirdi.

1866-cı ildə M.Kazımbəyin böyük elmi xidmətləri Almaniyada da təntənə ilə qeyd edilmiş və o, Berlindəki Almaniya Şərqşünaslar Cəmiyyətinin üzvü seçilmişdi.

XİX əsrin ikinci yarısından etibarən M.Kazımbəyin şöhrəti Avropanın hüdudlarını aşaraq Amerika qitəsinə doğru irəliləməyə başlamışdır. 1851-ci ilin mayında M.Kazımbəy Bostondakı Amerika Şərqşünaslar Cəmiyyətinin müxbir üzvü, 1862-ci ildə isə Amerika Fəlsəfə Cəmiyyətinin üzvü seçilmişdir. Onu da qeyd etmək lazımdır ki, görkəmli Amerika alimi və dövlət xadimi Bencamin Franklinin 1743-cü ildə əsasını qoyduğu Amerika Fəlsəfə Cəmiyyəti 1862-ci il yanvarın 17-də öz ənənələrini dəyişərək ilk dəfə M.Kazımbəyin və Peterburq EA-nın sanskrit dili sahəsində ordinar akademiki Otto Beytlinqin simasında humanitar elmlərin nümayəndələrini də öz üzvləri sırasına seçmişdi.

Danimarkada da Şərqin öyrənilməsi sahəsində M.Kazımbəyin xidmətlərinin tanınması və qiymətləndirilməsi faktı qeyd edilə bilər. 1843-cü il yanvarın 24-də M.Kazımbəy burada Kopenhagen Kral Şimal Antikvariyalar Cəmiyyətinin üzvü seçilmişdi.

Məşhur fin linqvisti M.A.Kastren də həm alim-şərqişünas, həm də Şərq fakültəsində tədris proseslərinin təşkilatçısı kimi M.Kazımbəyin istedadına heyran qaldığını bildirirdi. O, 1845-ci ildə Kazandan qayıtdıqdan sonra yazırdı:

"Görəsən, bütün dünyada heç olmasa başqa bir universitet də varmıdır ki, orada Kazan kimi Şərq ədəbiyyatını belə ciddi-cəhdlə öyrənsinlər". Təbiidir ki, bu sözlər xeyli dərəcədə belə tədqiqatların təşkilatçısı və ilhamçısı M.Kazımbəyə aid idi.

1849-cu ildə M.Kazımbəy ailəsi ilə birgə Peterburqa köçmüş, elə həmin ildə Peterburq universitetində fars dili üzrə ordinar professor, 1855-ci ildən isə fars dili kafedrasının müdiri və Şərq fakültəsinin ilk dekanı olmuşdur. Şərqşünaslıq professoru V.V.Qriqoryev yazırdı: "Fars ədəbiyyatı kafedrasında Mizə Cəfərin varisi, hazırda təkcə bizdə deyi, həm də bütün Asiyada və bütün Avropada ən görkəmli şəxsiyyətlərdən biri — dərin müsəlman təhsilinə malik asiyalı müdir olmuşdur. O, Avropa elmi ilə əsaslı surətdə tanışdır, istər ərəb, fars, türk dillərini, istərsə də ingilis, fransız, alman dillərini eyni dərəcədə bilir və bu dillərin hamısında yazır və çap olunur". Peterburqda M.Kazımbəy özünün iki ciddi sosial-fəlsəfi tədqiqatını yazmışdır: "Müridizm və Şamil" (1860) və "Bab və babilər. 1844-1852-ci illərdə İranda dini-siyasi iğtişaşlar" (1865). Bu əsərlərdə irəli sürülən yeni fikirlər Qərb şərqşünasları tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirilirdi.

1866-cı ildə M.Kazımbəyin 40 illik pedaqoji və elmi fəaliyyəti qeyd olundu. Rusiyanın və digər ölkələrin alimləri görkəmli alimin Rusiyada və onun hüdudlarından kənarda şərqşünaslıq elminin inkişafındakı rolunu minnətdarlıqla qeyd etdilər. Akademik İ.Berezin (1818-1896) M.Kazımbəyin dünya şərqşünaslığı qarşısında elmi xidmətlərini qeyd edərkən demişdi: "Mən bu dəqiqə Avropada Müsəlman Şərqi üzrə bu qədər geniş və rəngarəng məlumatlar ehtiyatına malik olan başqa bir şərqşünasın adını çəkməkdə çətinlik çəkərdim.

.... Aleksandr Kasimoviçin geniş və rəngarəng əsərləri təkcə ölkəmizdə deyil, həm də xaricdə böyük ehtiramla tanınmışdır. İslamın və müsəlman qanunçuluğunun Kazım bəy kimi bilicisinə, bizim əqidəmizcə, Qərbi Avropa malik deyildir". Zənnimizcə, bu sözlərdə heç bir mübaliğə yox idi. Sonralar bu və ya buna bənzər fikirlər illər, onilliklər keçdikdən sonra dünya şöhrətli şərqşünaslar akad. V.Bartold (1869-1930) ("O.U. Senkovski və M.Kazımbəy öz mühazirələri ilə Rusiyda şərqşünaslıq elmini yaratmışlar. Sonrakı nəsillərin, demək olar bütün rus şərqşünasları bu iki adamdan birinin şagirdləri, yaxud da onların şagirdlərinin şagirdləri olmuşdur"), İ.Kraçkovski (1883-1951) ("Öz nüfuzuna və geniş şöhrətinə görə birinci yerdə .... birinci dekan — mənşəcə azərbaycanlı olan M.Kazımbəy dururdu. O, Şərq alimlərinin sxolastik məktəbi yolunu keçərək üç Şərq dilində yazılmış materiallardan sərbəst istifadə etmiş, eyni səviyyədə asanlıqla mənimsədiyi Qərbi Avropa dillərində çoxlu əsərlər yaratmış və Qərb elmində də böyük şöhrət qazanmışdı") və başqaları da təkrar-təkrar söyləmiş və öz böyük müəllimlərinin şöhrətini əbədiləşdirmişlər. Bu əbədiləşdirmə həm də M.Kazımbəyin Avropada və dünyada şərqişünaslıq elminin inkişafındakı misilsiz rolu ilə sıx bağlı olmuşdur.

Copyright © 2002-2003 WebStar - www.onerjurnali.tk - cahidbdu@yahoo.com
Hosted by uCoz