İsmayıl Vəli Öməroğlu |
Qardaşım
Ədalətə Ömrün bir yolu ağ, bir yolu qara, Dünyanın gəlişi, gedişi belə. Öyrəşə bilmirsən badalaqlara, Demə taleyinin gərdişi belə. Demə ki, xoşbəxtlik yolundan qaçır, İnandın, rəhm etdin qəlbiyuxasan. İndisə gözlərin qığılcım saçır, Fikrində namərdlə əlbəyaxasan. Doğma evin qərib məkana dönüb, Yox inamın yada, yaxına sənin. Yümşaq yatağın da tikana dönüb, Neçə div boylanır yuxuna sənin. Qəfil sahib çıxır halal haqqına, Qarnı tox, gözü ac, bir azmış harın. Nə taledən inci, nə bəxti qına, Qisməti bu olur aldananların. Sənin saymağına axı nə vardı, Saydığını saydın, iblis də saydı. Tale elə sənə əzəldən yardı, Yer üzündə bu it-qurd olmasaydı. Tamahlar qıcanıb, iştahlar daşıb, Təpələr köpüb ki, dağlar kiçilər. Dişi, dırnağıyla vara daraşıb İnsan cildindəki gəmiricilər. İşbazın gözündə dünya da puldu, Fürsəti belində qızıl çul sanır. Gecələr gördüyü röya da puldu, Arvad-uşağı da evdə pul sanır. Başa çıxarırlar fürsət güdəni, Aqil kimdi, nadan kim bilmək olmur. Arpa-samanı bol gədə-güdəni, Qoyub bu dünyada sağ, ölmək olmur. Ötəni azğının yıxır yeli də, Mayası haramlar haramı olur. Unutma ömürlük bir məsəli də At öləndə itin bayramı olur… …Qayğısı nə qədər çox olsa yenə, Yoğrulmayıb təkcə dərddən bu dünya. Namərdi nə qədər çoxalsa yenə, Xali olmayacaq mərddən bu dünya. Onu da unutma gözünü yumub, Haqlısan, haqsızsan püskürmək asan. Yaxşılıq etməsən, yaxşılıq umub Gərək sən özün də qınanmayasan. Sənə bəd olanı qınamaq üçün, Yaxşını yamandan seçə biləsən. Gərəkdir dost-tanış sınamaq üçün, Özün sınaqlardan keçə biləsən. BU
ELƏ YUXUDU… Qismətdə yox imiş nə eniş, nə düz, Daha güvənim bu ömrün nəyinə. Danlaya-danlaya mən gecə-gündüz, Döndərdim özümü dan əppəyinə. Tovlayıb ağlımı hər ağlıyalın, Mən həyat demişəm zülümə belə. Zəhəri də baldı aldanışların Uğunub aparar ölümə belə. Ömrə qənim çıxdı taledə kürlük, Bəxti harda tutdu qəza bilmirəm. Bu elə yuxudu çindi ömürlük, Ayıla bilmirəm, yoza bilmirəm. Sərsəmmiş bir ömrün dəyirmanı da, Dəhnəsi yuxulu, arxı yuxulu. Sərsəmmiş bir ömrün vaxt, zamanı da Tərsinə fırlanan çarxı yuxulu. Bir dəmyəyə düşən dənə dönmüşəm, Bəxtəbəxt çiskinin amanında mən. Öz gözümü tutan çənə dönmüşəm, Azıb bir taleyin dumanında mən. Dağ olub önümdə səhvlər, günahlar, Ömür yaşayıram mən guya belə. Ümid yedəyində axşam-sabahlar, Bilməm hara gedir bu dünya belə. Gövşəyə-gövşəyə axsaq divarlar, Dərisindən baha qiymət alıbdı. Dünyanı görməyən kor canavarlar Yuvası ağzında qismət alıbdı. Oğru-əyri elə qeyzə dolub ki, Doğrular üzünə baxmağa qorxur. Elə haçadillər peyda olub ki, İlanlar yuvadan çıxmağa qorxur. Nolar, qoy olsunlar, boldu səbrimiz; Bilmirəm bu dərdlər nə vaxt bitəcək. Onu bilirəm ki, ömrü boyu biz, Yalançı qovuruq son mənizilədək. Minnətim yox ötən aya-ilə də Yansam da dərdimə, ağrıma daha. Mənim xoşbəxtliyim indən belə də İstəmirəm, çıxma uğruma daha. Neynirəm qismətin yarımçığını, Ya elə, ya belə, fərqi nə imiş. Yurd salsa ömürdə dərd-qəm yığını, Bəlkə tale də bir bəhanə imiş. Ağırdır, güc vermə tale daşına, Qəm yemə ki, yoxdur qüdrətim mənim. Gəlib çıxammazdın sən özbaşına, Ac gödənlər çoxdu qismətim mənim. Daha demə səndən nəsə umuram, Nədi mənası bu sözün bilərsən. Bu dəmyə ömürə, tale yağmurum Yağarsan, yağmazsan özün bilərsən… Başıma
QAR YAĞDI Getdin uçuruma sən addım-addım, Nə danım, bu sevgi sandım ötənmiş. Onda ki, ağladın, mən unamadım, Heç demə göz yaşın mirvaridənmiş. Nə barışaq dedin, nə mən əyildim, Bir gürşad gözündə quruyan seldim. Gözəllər kəc baxıb ötəndə bildim Xoşbəxtlik quş kimi uçub gedənmiş. Gənclik bir durnatək azdı qatarda, Başıma qar yağdı bilmirəm harda. Sandım qara düşdüm qar yuxularda, Oyandım nə yuxu, saçımda dənmiş. Mənə bu həsrəti, qəmi gətirən, Bir hicran göyərdib, bir dərd bitirən, Gözümün içində səni itirən Gözlərimə enən dumanmış, çənmiş. Yağıb gözlərindən mirvari, bildim, Yağıb saçlarıma nə qarı, bildim, Tez köçüb bir eşqin baharı, bildim, Onu biləmmədim bunlar nədənmiş. |
Copyright © 2002-2003
WebStar - www.onerjurnali.tk - cahidbdu@yahoo.com
|