İsmayıl Vəli Öməroğlu |
Çeşid fransızca "Assortiment" sözündən olub, ayrı-ayrı ticarət müəssisələrində toplanmış müxtəlif malların tərkibini bildirir. Biz əsasən "ərzaq mallarının assortimenti", "sənaye mallarının assortimenti" deməyə adət etmişik və bu sözün nə demək olduğunu yaxşı başa düşürük. Ancaq "kitab mallarının assortimenti" dedikdə insanlar bunun nə demək olduğu haqqında fikirləşməli olurlar. Çünki kitabı "mal" adlandırmaq nə dərəcədə düzgündür? Qeyd edilməlidir ki, "mal" əmək nəticəsində hazırlanmış və konkret qiyməti olan, mübadilə və alqı-satqı yolu ilə cəmiyyətdə yayılmış əmtəə növünə deyilir. Ayrı-ayrı müəlliflərin, redaktor və mətbəə işçilərinin gərgin əməyi nəticəsində meydana çıxan və satış yolu ilə yayılan kitab da bu təyinata düşür. məhz bu xüsusiyyətlərinə görə kitab da əmtəə hesab olunur. Lakin kitab-əmtəə başqa əmtəələrdən öz spesifik əlamətlərinə görə fərqlənir. Bu fərq kitabın dəyəri, qiyməti, məzmunu və ideya istiqaməti ilə müəyyən edilir. Qeyd edilməlidir ki, ayrı-ayrı kitabların əsasında onun çeşidi təşkil edilir və tədricən təkmilləşdirilir. Nəşriyyat və kitab ticarəti müəssisələrində mövcud olan və mövzusuna, adına, nəşr növünə, tipinə, məqsəd və oxucu təyinatına görə çap əsərlərinin ümumi məcmusu kitab çeşidi adlanır. Məlumdur ki, kitab ticarəti müəssisələrində nailiyyətlər təkcə onun ehtiyat kitablarının sayının çox olması ilə deyil, habelə çeşidin tərkibinin keyfiyyətli olması ilə ölçülür. Kitab mağazasının çeşidi geniş, dar, tam və qeyri-tam ola bilər. Çeşidin genişliyi, onun ədəbiyyat bölməsində çoxlu miqdarda satılması ilə, çeşidin tamlığı isə hər bir bölmədə çoxlu adda kitab olması ilə xərakterizə edilir. Adətən universal kitab mağazalarında, kitab evlərində nəşrlərin çeşidi geniş olur. İxtisaslaşdırılmış və profilli kitab mağazalarında isə həmin ixtisasa və profilə aid ədəbiyyat daha çox, yəni tam olur. Hər bir kitab mağazasının ən vacib və məsul işi kitab ticarəti çeşidini düzgün formalaşdırmaqdır. Mağazanın tələbatını təyin etmək, kitablara sorğuları öyrənmək və sifarişləri rəsmiləşdirmək üçün bir çox kompleks tədbirlər görmək lazım gəlir: kitab ticarəti üçün ədəbiyyatın zəngin çeşidini seçmək; əhalinin bütün sorğu və tələbini əhatə etmək; sifariş verilmiş bütün kitabları satmaq; qarşıya qoyulan planları yerinə yetirmək və s. İctimai-siyasi ədəbiyyat kitab mağazalarında çeşidin əsas hissəsini təşkil edir. Bu nəşrlər cəmiyyətdə çox mühüm məsələləri əhatə etməklə yanaşı, milyonlarla insana güclü təsir göstərir, onlara siyasi elmlər haqqında məlumat verir, qanunları başa düşməkdə kömək edir və ictimai inkişaf qanunauyğunluqlarını göstərir. İctimai-siyasi ədəbiyyat, həmçinin, ideoloji işlərin təşkilində dövlətə kömək edir, xalq təsərrüfatı planlarının yerinə yetirilməsində, ideoloji işlərin forma və metodlarının təkmilləşdirilməsində mühüm rol oynayır. İctimai-siyasi ədəbiyyatın əhəmiyyətini nəzərə alaraq çeşid işində onun tərkibi daima təkmilləşdirilməli, təbliğinin forma və metodları genişləndirilməlidir. Nəşriyyat və kitab ticarəti müəssisələrində ictimai-siyasi ədəbiyyatın həcmi, quruluşu və tərkibi bir çox amillərlə bağlıdır. İri kitab mağazalarında ictimai-siyasi ədəbiyyat üzrə çeşidin təşkili və satışı üçün xüsusi şöbə fəaliyyət göstərir. Orta səviyyəli universal kitab mağazasında isə qarışıq şöbə fəaliyyət göstərir ki, belə mağazalarda ictimai-siyasi ədəbiyyatın satışı bölmə və yarımbölmələrdə həyata keçirilir. İctimai-siyasi ədəbiyyatın alıcı kontingenti geniş və zəngindir. Ora prezident aparatının işçiləri, icra hakimiyyətinin nümayəndələri, müəllimlər, idarə və müəssisə rəhbərləri və siyasi fəaliyyətlə məşğul olan insanlar daxildir. İctimai-siyasi ədəbiyyat hər bir ali məktəb tələbəsinə, orta təhsil və litsey şagirdinə də lazımdır. Praktiki olaraq bu ədəbiyyat yaşından və vəzifəsindən asılı olmayaraq hamıya lazımdır. İctimai-siyasi ədəbiyyatın alıcıları arasında kollektiv alıcılar da vardır. Bura kitabxanalar, klublar, ali məktəblər, ictimai təşkilatlar və s. daxildir. İctimai-siyasi ədəbiyyatın əsas xüsusiyyəti onun aktuallığı və məzmununun real həyatla bağlılığındadır. Nəşriyyat və kitab ticarəti müəssisələrində çeşid işi ilə məşğul olan hər bir işçi ictimai-siyasi ədəbiyyatın əhəmiyyətini, quruluşunu, məzmununu, növ və tiplərini yaxşı bilməli və bunu əməli fəaliyyətində tətbiq etməlidir. İctimai-siyasi ədəbiyyatın çeşidinə praktiki olaraq bütün növ ədəbiyyat daxildir. Burada ölkə rəhbərlərinin çıxışları, görkəmli alimlərin, dövlət xadimlərinin elmi əsərləri əsas yer tutur. Buna misal olaraq son illərdə çap edilən aşağıdakı nəşrləri göstərmək olar: Əliyev H. Azərbaycan bütün azərbaycanlıların vətənidir. - B., 2000, - 1439; Abdullazadə F. Heydər Əliyev /siyasi portret/. - B., 1998. -114 səh.; Həmidov Ə. H.Əliyev və Bakı Dövlət Universiteti. - B., 1997. -136 səh.; İrfan İ. Qızıl ulduzlardan hilala doğru. - B., 1994. -74 səh.; Hüseynova İ. Dövlətçilik naminə. - B., 2001. -286 səh.; Abbasbəyli. A.Azərbaycanın gələcəyi naminə. - B., 2001. -75 səh.; Şəmistan İ. Qalib gələcək cahanda kamal. - B., 1998, 56 səh. və s. İctimai-siyasi hadisələrin sürətlə inkişaf etdiyi hazırkı şəraitdə siyasi nəşrlərin yayılması sahəsində müəyyən çətinliklər meydana çıxır. Buna görə də ictimai-siyasi nəşrlərin təsnifləşdirilməsi lazım gəlir. Bu da öz növbəsində nəşriyyat və kitab ticarəti işçisinə işin bütün mərhələlərində, yəni çeşidin təşkilində, oxuculara xidmətdə, biblioqrafik vəsaitlərin tərtibində və məlumat işində böyük köməklik göstərir. İctimai-siyasi ədəbiyyatın təsnifləşdirilməsində əsərin məzmunu, nəşr forması, müəllif, oxucu istiqaməti, dil, janr və s. əlamətləri nəzərə alınır. İctimai-siyasi ədəbiyyatın bu əlamətlərlə təsnifləşdirilməsi nəşrlərin tiplərə ayrılmasında mühüm rol oynayır. Əџdəbiyyatın tipi dedikdə nəşrin kompleks xüsusiyyətləri məqsəd və oxucu təyinatı, üslub xüsusiyyətləri, xarakteristikası nəzərdə tutulur. İctimai-siyasi ədəbiyyatın arasında elmi nəşrlərə, dərsliklərə, məlumat nəşrlərinə və kütləvi-siyasi nəşrlərə tez-tez rast gəlmək olar. Bu nəşrlərin hər biri vahid məzmuna və formaya malik olmaqla yanaşı, həm də onların forma xüsusiyyətləri məzmunun xarakteri ilə müəyyənləşir, hətta müxtəlif tipli ədəbiyyatın bədii xüsusiyyətləri bir-birinə oxşar olur. İctimai-siyasi ədəbiyyatın nəşr tiplərindən biri elmi əsərlər hesab olunur. Elmi əsərlər ayrı-ayrı müəlliflər, kollektiv alimlər, elmi müəssisələr və ali məktəblər tərəfindən yazılır. Bu əsərlər bir və ya bir neçə problem məsələlərə həsr oluna bilər. Kitab çeşidində bu ədəbiyyatın monoqrafiya janrına, elmi əsərlər toplumuna və elmi konfransların materiallarına rast gəlmək olur. Son illərdə bu sahədə meydana gələn elmi ədəbiyyata misal olaraq aşağıdakıları göstərmək olar: Əhmədov M. Azərbaycan Çin münasibətlərinin strategiyası və perspektivləri. - B., Qorqud, 1999. -150 səh.; Məmmədov X. Azərbaycan milli hərəkatı. - B., Sabah, 1996. -174 səh.; Məmmədov Ə. Tarixə yaddaş ömür. - B., 2002. - 137 səh.; İsmayılov T. Qarabağ konflikti ABŞ-ın qlobal siyasəti kontekstində. - B., 2001. -150 səh.; Mürsəlov R., H.Vəliyev və müstəqil Azərbaycan dövlətinin yeni neft siyasəti. - B., 1999. -1579 və s. Bu sahədə tədris ədəbiyyatı da geniş tirajla çap olunur. Respublikamızın ali və orta ixtisas məktəblərində ictimai-siyasi fənlər geniş şəkildə tədris olunduğundan bu sahədə çoxlu sayda dərslik və dərs vəsaitləri çap olunur. Bu cəhətdən Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının fəaliyyəti xüsusilə qeyd edilməlidir. Son illərdə burada çap edilmiş "Dövlət idarəçiliyi: İctimai-Siyasi aspektlər" (2002), "Suverenlik, demokratiya, dövlət idarəçiliyi" mövzusunda elmi konfransın materialları (2002) və b. kitabları göstərmək olar. İctimai-siyasi ədəbiyyatın çeşidində kütləvi-siyasi nəşrlər də mühüm yer tutur. Bu ədəbiyyat geniş oxucu kütləsi üçün nəzərdə tutulur və siyasət aləminin aktual, nəzəri məsələlərini əhatə edib, müasir dövrdə əsas hadisələrin şərhini verir. Bu nəşrlərə misal olaraq aşağıdakıları göstərmək olar: Məmmədova Z. Heydər Əliyev və Azərbaycan dəmir yolları. - B., 1999. -304 səh.; Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu. - B., 2001. - 201 səh.; Ömrün üç günü. - B., 1997.- 89 səh.; Məmmədov T. H.Əliyevin iqtisadi ipək yolu. - B., 2000. - 240 səh.; Vəliyev S. H.Əliyev və Azərbaycan kənd təsərrüfatı. - B., 1998, -335 səh. və s. İctimai-siyasi ədəbiyyat məzmununa, məqsəd və oxucu istiqamətinə görə başqa nəşrlərdən fərqlənir. Onun nəşr tiplərindən biri də məlumat kitablarıdır. Bu ədəbiyyat kütləvi tirajla çap olunur və geniş oxucu kütləsi tərəfindən istifadə edilir. Bu nəşrlərə "Dünya ölkələri", "Dünyanın əhalisi", "Xalq təsərrüfatı… cı ildə", "Qısa siyasi lüğət", "Fəlsəfi lüğət", "Fəlsəfə ensiklopediyası" və b. göstərmək olar. İctimai-siyasi ədəbiyyatın böyük bir hissəsini də metodik vəsaitlər təşkil edir. Bu nəşrlər keçmiş sovetlər dövründə daha çox çap olunurdu (məsələn, "Təsərrüfat rəhbərinin kitabxanası", "Həmkarlar ittifaqı nümayəndəsinin kitabxanası"). Son illərdə bu şəpkili vəsaitlər demək olar ki, çap olunmur. İctimai-siyasi ədəbiyyatın nəşri ilə ölkənin ən böyük nəşriyyatları məşğul olurlar. Nəşriyyatdan başqa bu ədəbiyyatın hazırlanması və nəşri ilə, həmçinin, ali məktəblərin ictimai elmlər üzrə kafedraları, Milli Elmlər Akademiyasının tarix, fəlsəfə, iqtisadiyyat institutları və b. məşğul olurlar. Ona görə də kitab mağazalarının çeşidi təşkil edilərkən bu amillər nəzərə alınmalı və respublikamızda ictimai-siyasi ədəbiyyatın nəşri ilə məşğul olan bütün elmi müəssisələrin gücündən istifadə edilməlidir. |
Copyright © 2002-2003
WebStar - www.onerjurnali.tk - cahidbdu@yahoo.com
|