ONER jurnali
ONER-jurnali
 

İsmayıl Vəli Öməroğlu

YUNESKO BEYNƏLXALQ BİBLİOQRAFİK ƏMƏKDAŞLIĞIN ƏSAS TƏŞKİLATÇISIDIR

Səadət Mütəllimova, BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin II kurs magistrantı

Müasir dövrdə beynəlxalq biblioqrafik əməkdaşlıq dünya miqyasında informasiya mübadiləsinin aparılmasında çox böyük əhəmiyyət kəsb edir. Bu mənada müasir beynəlxalq əməkdaşlıq sistemində YUNESKO-nun fəaliyyətini xüsusilə qeyd etmək lazımdır.

Birləşmiş Millətlər Təşkilatının maarif, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşdırılmış təşkilatı olan YUNESKO 4 noyabr 1946-cı ildə yaradılmışdır (6, səh. 13). Yarandığı ilk gündən də YUNESKO bütün dünya miqyasında kitabxana işi-nin inkişafında aparıcı mövqeyə malik olmuşdur. Belə ki, YUNESKO İntel-lektual Əməkdaşlığın Beynəlxalq İnstitutu (Paris, 1925-ci il) tərəfindən baş-lanan işi davam etdirərək ideya və biliklərin sərbəst mübadiləsini həyata keçir-mək-lə beynəl-xalq əməkdaşlığın vahid dünya konsepsiyasını yaratmaq istiqa-mə-tində öz fəaliy-yətini daha da genişləndirmişdir. Məhz buna görə də YUNESKO-nun Nizam-naməsində (maddə 1, b2) qeyd edilir ki, təşkilat «beynəlxalq əməkdaşlığın yeni-yeni formalarını genişləndirməklə intellektual fəaliyyətin bütün sahələrində ölkələr arasında əməkdaşlığa yardım etməlidir. Bunda məqsəd bütün insanların dünyanın istənilən ölkəsində nəşr olunmuş materiallardan istifadə etməsinə imkan yaratmaqdan ibarətdir» (7, səh.151).

Qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatların, o cümlədən YUNESKO-nun çoxsaylı fəaliyyət sahələri içərisində biblioqrafiya həmişə aparıcı mövqe tutmuşdur. Belə ki, YUNESKO-nun funksiyalarından biri də beynəlxalq biblioqrafik əməkdaşlıq sahəsində hökumətlərarası təşkilati və rəhbər mərkəz rolunu həyata keçirməkdir (1, səh. 31). Bu mənada YUNESKO kitabxana işi və bib-lioqra-fiya sahəsində bir çox dövlət və qeyri-dövlət təşkilatları ilə əmək-daş-lıq edir. On-lar-dan Kitabxanaçılıq Assosiasiyaları və İdarələrinin Beynəl-xalq Fe-de-rasiyası (İFLA), Sənədşünaslıq üzrə Beynəlxalq Federasiya (FİD), Elmi İttifaqların Bey-nəlxalq Şurası (MSNS), Arxivlərin Beynəlxalq Şurası (MSA) və b. qeyd etmək olar.

YUNESKO beynəlxalq və regional kitabxana-biblioqrafiya təşkilatlarının fəaliyyətlərini əlaqələndirir və biblioqrafiya sahəsində beynəlxalq əməkdaşlığın təş-kilinin yaxşılaşdırılması üzrə birgə tədqiqatların aparılmasında onlara yaxından kö-məklik göstərir. Buna misal olaraq İFLA ilə birlikdə işlədiyi Universal Bib-lioqrafik Uçot (UBU) proqramını, Elmi İttifaqların Beynəlxalq Şurası ilə birlikdə işlədiyi Elmi-texniki informasiya sahəsində Hökumətlərarası Əməkdaşlıq (YUNİSİST) proqramını, FİD, İFLA və MSA ilə birlikdə işlədiyi «Milli İnformasiya Sistemi» (NATİS) proqramını və b. qeyd etmək olar. Bunlardan əlavə YUNESKO milli biblioqrafik mərkəzlərin və elmi-texniki informasiya mərkəzlərinin təşkilinə, adları çəkilən beynəlxalq təşkilatların və eləcə də digər təşkilatların apardığı elmi-tədqiqat işlərinə, onların nəşriyyatçılıq fəaliyyətlərinə də öz maliyyə yardımını göstərir.

Qeyd etmək lazımdır ki, YUNİSİST, UBU və NATİS proqramları YUNESKO-nun bu sahədəki fəaliyyətinin daha mükəmməl mərhələsini göstərir. Bu proqramların həyata keçirilməsi milli, regional və beynəlxalq miqyasda sənəd, kitabxana və arxiv xidmətlərinin təşkilinə köməklik edir.

1971-ci ildə YUNESKO-nun təşəbbüsü ilə çağırılan elmi informasiyanın dünya sisteminin yaradılması üzrə hökumətlərarası konfransda YUNİSİST proqramının yaradılması üzrə əsas prinsiplər işlənilmiş və onun reallaşdırılmasına dair tövsiyələr hazırlanmışdır (8, səh. 263). 1973-cü ildən başlayaraq YUNİSİST — məhz onun çərçivəsində milli və beynəlxalq informasiya sistemlərinin inkişaf edə biləcəyi uzunmuddətli beynəlxalq proqrama çevrildi. Hələ 1972-ci ildə Parisdə YUNİSİST proqramı çərçivəsində Dövri nəşrlər haqqında məlumatların Beynəlxalq sistemi (International serial data system – ISDS) yaradılmışdır (4, səh. 157).

ISDS-in məqsədi dövri və ardı davam edən nəşrlər haqqında məlumatların dünya bankını formalaşdırmaqdan ibarətdir. Bu bankın bazası əsasında isə dövri nəşrlərin registri, yeni və adları dəyişdirilmiş nəşrlərin bülleteni müntəzəm olaraq çap edilir.

İlkin olaraq, YUNİSİST yalnız təbiət, dəqiq və texniki elmlərə aid edilirdisə, 1974-cü ildən başlayaraq, bu layihə ictimai elmlərə də aid edilmişdir (4, səh. 157). Bundan əlavə, YUNİSİST proqramı çərçivəsində əsas diqqət inkişaf etməkdə olan ölkələrə yardım etməyə yönəldilmişdir. Bununla əlaqədar olaraq rəhbərliklər çap edilir, seminarlar, müşavirələr keçirilir, eksperimental layihələr (bir çox layihələr BMT ilə birgə işlənmişdir) hazırlanıb reallaşdırılır.

Qeyd etmək lazımdır ki, YUNESKO-nun təşəbbüsü ilə yaradılan beynəlxalq proqramlar içərisində Universal Biblioqrafik Uçot proqramının da çox böyük əhəmiyyəti vardır. Belə ki, İFLA tərəfindən işlənib reallaşdırılan UBU proqramı öz qarşısına ölkələr arasında müxtəlif tipli sənədlər, o cümlədən kitablar, dövri nəşrlər, çap olunmayan, audiovizual və maşınla oxunan sənədlər haqqında ümumdünya biblioqrafik informasiya sistemi yaratmaq kimi mühüm vəzifə qoyub (3, səh. 139). UBU proqramının əsasında Cari Milli Biblioqrafiyanın nəşrlər sistemi durur. Belə ki, məhz ayrı-ayrı ölkələrin cari milli biblioqrafik nəşrlərinin məcmusu dünya çap məhsulu haqqında tam və operativ məlumatı əks etdirə bilər. Ona görə də cari milli biblioqrafik nəşrlərin hazırlanması və istifadəsinin ənənəvi formalarından əlavə, qeyri-ənənəvi formalarından (maqnit lentlər, mikrofiş, kompakt optik disk və s.) da istifadə etməklə bu vəzifəni yerinə yetirmək olar. İstər UBU və istərsə də YUNİSİST proqramları üzrə aparılan ilkin tədqiqatlar zamanı məlum olur ki, hər iki proqram üçün əsas olan məlumat – biblioqrafiya sistemlərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi kimi mürəkkəb problemlərin kompleks həllinə kəskin ehtiyac vardır. Bununla əlaqədar olaraq, 1974-cü ildə ən mühüm beynəlxalq təşkilatlar –YUNESKO, İFLA, FİD, Beynəlxalq Arxivlər Şurası - sənəd, kitabxana və arxiv xidmətlərinin məlumat infrastrukturunun ayrılmaz hissəsi kimi planlaşdırılması problemlərini müzakirə etmək məqsədilə Parisdə hökumətlərarası konfrans çağırırlar (İnfrastruktur dedikdə, ölkənin milli elmi məlumat mərkəzləri, kitabxanalar və arxivlər nəzərdə tutulur).

Konfrans belə bir nəticəyə gəlir ki, bütün bu xidmətlər bir-birilərini tamamlayır və həmin müəssisələrin işlərində təkrarçılığı, informasiya tələbatçılarının geniş dairəsinə xidmətdəki boşluqları aradan qaldırmaq üçün onların fəaliyyətlərini ümumdövlət miqyasında əlaqələndirmək lazımdır. Bununla əlaqədar olaraq, məhz həmin konfransda "Milli İnformasiya Sistemi"nin (NATİS) yaradılması konsepsiyası irəli sürülmüşdür və YUNESKO-nun sənədlərində NATİS-in konsepsiyası aşağıdakı şəkildə müəyyən edilmişdir: "Bir neçə altsistemdən ibarət milli informasiya sisteminin (NATİS) konkret forma və xarakteri müxtəlif ölkələrdə müxtəlif cür ola bilər, ancaq son məqsəd onun bütün elementlərinin koordinasiyası olmalıdır. Cəmiyyətin bütün sahələrinin, tələbatçıların bütün kateqoriyalarının informasiya təminatında iştirak edən xidmətlər NATİS-in strukturunu təşkil edən elementlər sayılır. NATİS-in məqsədi siyasi, iqtisadi, elmi, sosial və ya mədəni fəaliyyətlə məşğul olan bütün şəxslərin lazımlı informasiya ilə təmin olunmasına və bununla da onların iş fəaliyyətlərinin ictimai faydasının artmasına yardım göstərməkdən ibarətdir" (8, səh. 253).

Qeyd olunan proqramların, layihələrin hazırlanması və həyata keçirilməsi YUNESKO-nun beynəlxalq biblioqrafik əməkdaşlıqdakı rolunun əhəmiyyətli dərəcədə böyük olduğunu bir daha sübut edir. Ancaq YUNESKO-nun bu sahədəki fəaliyyəti deyilənlərlə kifayətlənmir. Belə ki, Ümumdünya cari biblioqrafik vəsaitlər sisteminin yaradılması da YUNESKO-nun bu sahədə yerinə yetirdiyi funksiyalardan biri sayılır. YUNESKO-nun biblioqrafik vəsaitlər sistemi 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində formalaşmağa başlamışdır. 1948 və 1949-cu illərdə YUNESKO-nun təşəbbüsü ilə mütəxəssislərin müşavirələri keçirilmiş və həmin müşavirələrdə ictimai elmlər üzrə ümumdünya biblioqrafik vəsaitlərin tərtib olunmasının vacibliyi haqqında fikirlər irəli sürülmüş, 1950-ci ildə isə YUNESKO-nun Baş konfransı onların nəşrinə başlamağı məsləhət görmüşdür. Bu məqsədlə 1950-ci ildə sosial elmlər sahəsində sənədşünaslıq və informasiya üzrə Beynəlxalq komitə yaradılmışdır (1, səh. 32). Bu komitə biblioqrafik göstəricilərin tərtibi və yayılması üzrə əsas mərkəz hesab olunur.

Komitə YUNESKO-nun Sosial elmlər Departamenti, eləcə də ictimai elmlərin əsas sahələrini təmsil edən təşkilatlarla – siyasi elmlərin Beynəlxalq Assosiasiyası, Beynəlxalq sosioloji assosiasiya, Tarix elmləri Beynəlxalq komitəsi və b. təş-ki-lat-larla birgə iş aparır. Bu təşkilatların nəzdində biblioqrafik büro və ya ko-missiyalar təşkil olunmuşdur. İnformasiya üzrə komitənin iş formalarından biri yu-xarıda adları çəkilən təşkilatlarla birlikdə beynəlxalq biblioqrafik göstəricilərin tər-tib edilməsi sayılır. Belə ki, komitə hər il «Sosial elmlərin beynəlxalq biblioq-ra-fi-yası» seriyası ilə sosiologiya, siyasi elmlər, iqtisadiyyat, sosial və mədəni antro-po-lo-giya üzrə ədəbiyyatın 4 cari göstəricisini nəşr edir. Bundan əlavə, komitə siyasi elm-lər üzrə beynəlxalq referativ jurnal, müasir sosiologiya üzrə ədəbiyyatın xülasə və siyahılarını da çapdan buraxır. 1965-ci ildə fəlsəfə və humanitar elmlərin Bey-nəl-xalq Şurasının XII konqresində YUNESKO-nun maliyyə yardımı əsasında Renes-san-sın problemləri üzrə ədəbiyyatın beynəlxalq göstəricisini nəşr etməyi qərara alır (2, səh.101).

Qeyd etmək lazımdır ki, YUNESKO əsasən humanitar elmlər sahəsində beynəlxalq biblioqrafik nəşrləri maliyyələşdirir. YUNESKO tərəfindən çap olunan nəşrlər içərisində təbiətşünaslıq elmləri üzrə ədəbiyyat göstəriciləri çox azdır, texnika və təbabət üzrə göstəricilər isə ümumiyyətlə yoxdur.

Bütövlükdə, YUNESKO-nun beynəlxalq cari biblioqrafik göstəricilərini iki qrupa ayırmaq olar:

1. Ədəbiyyat göstəriciləri. Bura ayrı-ayrı elm sahələri üzrə biblioqrafik göstəricilər daxildir (məs.: tarix, siyasət, iqtisadiyyat, sosiologiya, sosial və mədəni antropologiya, linqvistika, incəsənət və arxeologiya üzrə). Bu qrupa həmçinin YUNESKO tərəfindən maliyyələşdirilən, iki ən böyük universal göstəricilərdən biri olan «Tərcümələrin göstəricisi»ni də aid etmək olar.

Təbiət elmlərindən yalnız coğrafiya və kartoqrafiya biblioqrafik nəşrlərlə təmin edilmişdir.

2-ci qrupa isə daha mühüm nəşrləri (məs.: ictimai-siyasi problemlər, biologiya və s. üzrə) əhatə edən referativ jurnallar daxildir.

Bütün bunlardan əlavə, YUNESKO-nun biblioqrafiya sahəsindəki xidmətlərin-dən danışarkən onun biblioqrafiya üzrə Beynəlxalq Konsultativ Komitəsi (1961-ci ildə biblioqrafiya, sənədşünaslıq və terminologiya üzrə, 1967-ci ildən isə sə-nəd-şünaslıq, kitabxanalar və arxivlər Beynəlxalq Konsultativ Komitəsinə çevrilmişdir) tərəfindən nəşr olunan «Biblioqrafiya, sənədşünaslıq və terminologiya xəbərləri» informasiya bülletenini qeyd etmək olar (5, səh. 72). Bu bülleten iki ayda bir dəfə çıxır və bülletendə beynəlxalq biblioqrafiya sahəsində baş verən hadisələrin xronikası: müxtəlif ölkələrin biblioqrafik iş fəaliyyəti (hər nömrədə 6-17 dövlət və ya ərazilər haqqında materiallar yerləşdirilir) haqqında məlumatlar; beynəlxalq təş-kilatların biblioqrafik fəaliyyəti haqqında məlumatlar; sənədşünaslıq mərkəzlərinin işləri haqqında materiallar, müxtəlif bilik sahələrindəki məlumat növləri haqqında daha dolğun informasiyalar verilir. Həmin material, ancaq bir qədər geniş-ləndirilmiş və sistemləşdirilmiş formada «Dünyanın biblioqrafik xidmətləri haqqında hesabatlar» adı ilə həmin Konsultativ Komitə tərəfindən çap edilir (5, səh.74).

Hər iki nəşrdə bir çox ölkələrin biblioqrafik fəaliyyətləri və biblioqrafik nəşrləri haqqında daha dəqiq və müəyyən mənada tam məlumatlar öz əksini tapır.

Sözsüz ki, YUNESKO-nun beynəlxalq biblioqrafik əməkdaşlıq sahəsindəki fəaliyyəti və rolu bu deyilənlərlə məhdudlaşmır. Hazırda kitabxana-biblioqrafiya proseslərinə yeni texnika və texnologiyanın tətbiqi ilə əlaqədar olaraq, beynəlxalq əhatəli göstəricilərin tərtibində, yeni proqram və layihələrin işlənilməsində YUNESKO öz təşkilatçılıq fəaliyyətini genişləndirərək, inkişaf etdirməkdədir.

Copyright © 2002-2003 WebStar - www.onerjurnali.tk - cahidbdu@yahoo.com
Hosted by uCoz